Accessibility links

Sivil Toplum Platforması hökuməti beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır


Sivil Toplum Platforması (STP) olaraq bəyan edirik ki, cəmiyyətimizdə ciddi yer alan və insan mahiyyətinin əleyhinə yönələn hallara qarşı davamlı və ardıcıl mübarizə aparmaq niyyətindəyik. Azərbaycan hökumətindən daxili qanunlara və bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə məsuliyyətli yanaşmağı tələb edirik! Bu barədə STP mövqeyini əks etdirən hesabatda deyilir.

STV hesab edir ki, son illər Azərbaycanda həbsxanalarda, xüsusən də polis bölmələrinin müvəqqəti saxlama yerlərində və Cəzaçəkmə Müəssisələrində, həmçinin kütləvi aksiyalar və məmurlarla şəxslərin digər təması zamanı işgəncə və digər pis rəftar halları artmaqdadır.

“Qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dinc, günahsız insanlara işgəncə verən, onların ləyaqətini alçaldan və qeyri-insani rəftar nümayiş etdirən şəxslər haqqında ölçü götürülməməsi bu səpkidə olan cinayətlərin artmasına səbəb olub. Təəssüflə qeyd etmək lazımdır ki, işgəncə faktına görə bir nəfər də olsun vəzifəli şəxs cəzalandırılmayıb. Məhz cəzasızlıq mühitinin hökm sürməsi qeyri-insani və zorakalıq hallarının daha da şiddətlənməsinə, sonda ölümlə nəticələnməsinə səbəb olub.

Məhkumlar Pərviz Mikayılov, Elşad Babayev, Nurani İbrahimov Cəzaçəkmə Müəssisələrində, təqsirləndirilən şəxslər Bəhruz Hacıyev, Rəşad Mehdiyev və digərləri polis bölmələrində şiddətli işgəncə nəticəsində son illərdə dünyasını dəyişən Azərbaycan vətəndaşlarıdır”, sənəddə qeyd edilir.

Platforma hesab edir ki, son hadisələr, - 10 may ərəfəsində şəhərin mərkəzində yerləşən Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” sözlərini yazdıqlarına görə həbs edilən gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun saxlanma yerlərində işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması barədə açıqlamaları və Milli Ombudsman institutunun bu barədə açıq faktları təkzib cəhdi göstərir ki, şəxslərə qarşı pis rəftar nəinki azalır, əksinə, artan xətt üzrə davam edir.

STP Azərbaycanın insan hüquqları ilə bağlı qoşulduğu çoxsaylı sənədləri sadalayır və hökuməti öhdəliklərinə əməl etməyə çağırır.

Öz növbəsində, Azərbaycan hökuməti bir qayda olaraq beynəlxalq öhdəliklərə əməl edildiyini, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Hökumətin yüksək vəzifəli rəsmiləri Azərbaycanda demokratik dəyərlərin tam mənimsənildiyini, Avropa hüquq məkanına daxil olduğunu, seçki, söz, fikir, toplaşmaq azadlıqlarının təmin edildiyini bildirir.

XS
SM
MD
LG