Həm İsrail həm də fələstinlilər Qüdsün onların paytaxtları olduğunu iddia edir. Amma buna baxmayaraq, orada əsasən İsrailin hökümət binaları yerləşir. Bu bölünmüş şəhərdə yəhudilər və ərəblərin məhəllələri ayrıdır. Amma indi qədim bir masaüstü oyun onları bir araya gətirib. Qüdsdə keçirilən ilk nərd çempionatında yəhudilər və ərəblər iştirak edib.
Nərd dünyanın ən qədim masaüstü oyunlarındandır. Hər oyunçu öz daşlarını atdığı zərlərə müvafiq olaraq, lövhə üzərində hərəkət etdirir. Bütün daşlarını lövhədən daha tez çıxaran oyunçu isə qalib gəlir.
Çempionat israillilərlə fələstinlilər arasında dialoq yaratmağa çalışan Jerusalem Double adlı qrup tərəfindən təşkil olunub.
“Biz düşünürük ki, Qüdsdə yəhudilərlə ərəblər arasında daha çox ünsiyyət olmalıdır. Ona görə də, birgə iştirak edə biləcəkləri mədəni təcrübə yaratmaq istədik”, deyə müsabiqənin təşkilatçısı Zəki Camal bildirir.
Biz düşünürük ki, Qüdsdə yəhudilərlə ərəblər arasında daha çox ünsiyyət olmalıdır. Ona görə də, birgə iştirak edə biləcəkləri mədəni təcrübə yaratmaq istədik.Zəki Camal
O deyir ki, məqsəd həm də seqreqasiya olmuş qonşular arasında da daha çox ünsiyyət yaratmaq idi.
“Bu böyük finala qədər keçirilən bütün tədbirlərdə, yəhudilər turnir üçün fələstinlilərin Şərqi Qüdsünə səfər edirdi, ərəblər isə yəhudilərin Qərbi Qüdsünə. Beləcə biz insanları bir-birlərinin məhəllələri ilə tanış olmağa yardım etməyə başladıq”, o deyir.
Ən son oyun projektor vasitəsilə Qüdsün divarlarında əks etdirilib.
250 iştirakçı 6 min ABŞ dolları dəyərində mükafat üçün yarışıb. Qalibə mükafatı nərd üzrə yaponiyalı dünya çempionu təqdim edib.
“Ab-hava çox gözəl idi. Mən çox xoşbəxtəm. Mən istəyirəm ki, ərəblər və israillilər bir yerdə olsun, həyatdan həzz ala bilsinlər və müharibə olmasın”, deyə qalib Qadi Karmeli bildirir.
Nərd bu regiona sülh gətirməsə də, ümid olunur ki, qonşular arasında qarşılıqlı anlaşmanın yaranmasına gətirib çıxaracaq.