Bu gün axşam saatlarında Bakı şəhər İcra Hakimiyyətinin müxtəlif qurumlarının işçiləri Sülh və Demokratiya İnstitutunun ofisini sökməyə başlayıb. Söküntü işləri aparanlar qaz sayğacına baxmaq adı ilə ofisə daxil olub və dərhal digərləri onlara köməyə gəlib. Beləliklə, binanın pəncərələrini söküblər. Sonra isə, mülki geyimli şəxslərin köməyi ilə texnika binanın söküntüsünə başlayıb.
Hazırda institutun direktoru Leyla Yunusun həyat yoldaşı ofisin içərisindədir və buna baxmayaraq söküntü davam edir. Həmçinin, binada institutun texniki avadanlıqları, kitablar, sənədləri qalır.
İnstitutun yerləşdiyi ərazidə binaların söküntü işləri bir neçə ildir ki, davam edir. Bakı şəhər İcra Hakimiyyəti həmin ərazidə park salınacağını bəyan edib. Çoxsaylı insanlar evlərinin alınması müqabilində verilən pulla razılaşmır. Onlarla insan məhkəmələrə müraciət edib. Leyla Yunus da məhkəməyə müraciət edib və məhkəmə ofisin sökülməsini dayandırmışdı.