Accessibility links

Əli Kərimli: Suriyada türkmənləri müdafiə etmək Türkiyə üçün milli təhlükəsizlik məsələsidir


Əli Kərimli
Əli Kərimli

Azərbaycanda müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Türkiyənin Rusiya hərbi təyyarəsini vurmasının regionda gərginliyi daha da artıracağını güman edir. O, regionda yaranacaq münasibətlər barədə Facebook səhifəsində məqalə dərc edib.

Əli Kərimlinin baxış bucağını təqdim edirik:

Regionumuzda ciddi müharibə təhlükəsi yaranıb. Türkiyə Silahlı Qüvvələri Suriya türkmənlərini bombalayan, Türkiyə sərhədlərini pozan Rusiya təyyarəsini vurdu. Paradoksal vəziyyət yaranıb. Türkiyə rəsmiləri açıq-aşkar desələrdə ki, Rusiya təyyarəsini dəfələrlə edilən xəbərdarlıqdan sonra Türkiyə F16-ları vurub, Rusiya rəsmiləri xeyli müddət təyyarənin yerdən vurulduğuna israr edirdi. Nə baş verir? Bu paradoks nə ilə izah edilə bilər? Hadisələr necə inkişaf edəcək? Yəni doğrudanmı böyük müharibə labüddür? Böyük müharibənin olmaması üçün necə bir kompromis mümkün ola bilər, hansı tərəf geri çəkiləcək? Bu suallara cavab vermək üçün münaqişə bölgəsində tərəflərin hansı marağı olduğunu analiz etmək lazımdır.

Rusiya üçün Suriya kampaniyası taktiki maraqlara xidmət edir. Rusiyanın Suriyada həyati mənafeyi yoxdur.

Rusiya üçün Suriya kampaniyası taktiki maraqlara xidmət edir. Rusiyanın Suriyada həyati mənafeyi yoxdur. Rusiya sadəcə digər və daha güclü qüvvələrin qərarsızlığından istifadə edərək, cəsarətli, həm də riskli siyasətlə Suriyada əlavə üstünlüklər əldə etmək istəyir. Maksimum və minimum məqsədləri var. Rusiya bacarıb Əsədi hakimiyyətdə saxlaya bilsə (bunun ehtimalı çox azdır), böyük geopolitik və hərbi qələbə qazanmış olacaq. Bu, onun maksimum uğuru olar. Bu mümkün olmasa belə İŞİD-i, Rusiyaya gəlməsini gözləmədən, digər güclərlə birlikdə Suriya ərazisində məhv etmək (və ya sarsıtmaq), Suriya kürdləri və ələvilərilə müttəfiqliyi möhkəmlətmək, bu müttəfiqliyin köməkliyi ilə Suriyada Əsəddən sonrakı hakimiyyətin təşkilində rol almaq, üstəlik Rusiya hərbi bazalarının Əsəddən sonra da Suriyada qalmasına nail olmaq da Kreml üçün olduqca uduşlu variantlardır. Rusiya ümid edir ki, hətta ən pis variantda da Suriyada Qərblə əməkdaşlığa gedib oradakı “aktivlərini” Qərbə sataraq, beynəlxalq təcridindən qurtula, Suriya bəhanəsilə digər böyük dövlətlərlə danışıq masası arxasına qayıda bilər. Yeri gəlmişkən, bu proses artıq başlayıb.

Rusiya bu kampaniyaya başlamaqla Ukrayna ərazilərinin bir hissəsini işğal etməsini qismən unutdurub, arxa plana keçirməyə çalışır və fürsətdən istifadə edib, Türkiyənin də regionda artan nüfuzuna və təsirinə mane olmaq istəyir.

Əlbəttə, Rusiyanın bu kampaniyada digər maraqları da var. Və bunlardan ikisini də qeyd etmək istəyirəm. Rusiya bu kampaniyaya başlamaqla Ukrayna ərazilərinin bir hissəsini işğal etməsini qismən unutdurub, arxa plana keçirməyə çalışır və fürsətdən istifadə edib, Türkiyənin də regionda artan nüfuzuna və təsirinə mane olmaq istəyir.

Təbii ki, Türkiyə də Suriya konfliktində iştirak edən dövlətdir və onun da öz geopolitik maraqları var. Türkiyə 800 km-dən artıq birgə sərhədi olan Suriyada özünə düşmən yox, dost hökumət görmək istəyir. Üstəlik, elə bir hökumət ki, nisbətən demokratik, xalqa yaxın olsun, Türkiyəyə sığınmış 2 milyondan artıq Suriya qaçqınına da qucaq açsın, qaçqınlar öz ölkələrinə qayıda bilsin. Məhz bunlara nail olmaq üçün Türkiyə Əsədin hakimiyyətdən getməsində israr edir. Bunlar Türkiyənin, bacarsa, əldə etmək istədikləridir.

Türkiyə də məhz ona görə bu gün belə qərarlı davrandı ki, Rusiyaya və bütün dünyaya mesaj versin: Suriya türkmənlərini qorumaq üçün Türkiyə hər şeyə gedər və gedəcək.

Amma bu maraqların heç biri Türkiyənin böyük savaşa girməsinə səbəb ola biləcək məsələlər deyil. Türkiyə üçün Suriyada yalnız bir “olmazsa olmaz”, hətta böyük savaşa səbəb ola biləcək məsələ var ki, bu məsələdə o, güzəştə gedə bilməz. Həmin məsələ Türkiyənin dost olmayan güclərlə faktiki olaraq mühasirəyə alınmasıdır. Məhz bu səbəbdən Suriyada türkmənləri müdafiə etmək Türkiyə üçün milli təhlükəsizlik məsələsidir. Türkiyə də məhz ona görə bu gün belə qərarlı davrandı ki, Rusiyaya və bütün dünyaya mesaj versin: Suriya türkmənlərini qorumaq üçün Türkiyə hər şeyə gedər və gedəcək. Çünki söhbət sadəcə soydaşlara sahib çıxmaq kimi milli duyğularla bağlı sentimental məsələdən getmir. Söhbət dost olmayan güclərin Türkiyəni faktiki mühasirəyə almaq cəhdindən gedir.

Ümid edirəm ki, Rusiya rəhbərliyi yaranmış situasiyada adekvat davranmağı bacaracaq. NATO üzvü olan Türkiyə ilə hərbi münaqişəyə girmək kimi macəraçı davranışı seçməyəcək. Türkmənləri soyqırıma məruz qoymaq cinayətində Bəşər Əsədə dəstəyini azaldacaq. Rusiya üçün vacib, əhəmiyyətli qonşu olan Türkiyənin həyati maraqlarını ciddiyə alıb, onunla hesablaşacaq. Rusiya mənbələrinin “təyyarəmizi yerdən (yəni suriyalılar) vurublar” söhbəti də Türkiyə ilə savaşdan yayınmaq üçün düşünülmüşdü və doğru yanaşmadır. Bunun əksi nəinki regionumuz, hətta dünya üçün də fəlakət ola bilər. Türkiyənin geri çəkilmək imkanı yoxdur...

XS
SM
MD
LG