Suriyanın cənubunda Birləşmiş Ştatlar, Rusiya və İordaniyanın əldə etdiyi atəşkəs bazar günü günorta qüvvəyə minib.
Atəşkəsə dair razılıq cümə axşamı günü ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşdən sonra əldə edilib. Bu, Tramp administrasiyası tərəfindən Rusiya ilə müharibənin getdiyi Suriyada sabitliyin bərpa olunması məqsədilə səylərdə ilk təşəbbüsdür.
Razılıq İordaniya paytaxtı Əmmanda bir neçə həftədir gedən gizli danışıqlarının nəticəsi olaraq əldə edilib. Müzakirələrdə İordaniya və İsrail sərhədlərinə yaxın Suriya hökumətinə dəstək məqsədilə İran tərəfdarı qüvvələrin yaradılması məsələsinin ünvanlanması diqqət mərkəzində olub.
Razılığı əldə edən üç ölkə atəşkəsin monitorinq edilməsi mexanizmlərinin detallarını açıqlamayıb.
2011-ci ildə Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı etirazların baş qaldırdığı ilk şəhərlərdən biri olan Dəraa altı ildir gedən müharibə və mühasirə nəticəsində dağıntılara məruz qalıb.
Şəhər ABŞ-ın dəstəklədiyi üsyançılar və Rusiya və İranın dəstəklədiyi Suriya hökumət qüvvələri arasında mübarizənin mərkəzindədir. Dəraa şəhərinin böyük hissələri Suriya hökumət qüvvələri və Rusiyanın hərbi təyyarələri tərəfindən dağıdılıb.
Suriya hökuməti terrorçu qruplara qarşı mübarizə apardığında israr edir.
Atəşkəsə dair razılıq Quneytra, Dəraa və Suveydə vilayətlərini əhatə edir. Burada hökumət qüvvələri və üsyançılar İŞİD militantlarına qarşı mübarizə aparır. İŞİD atəşkəs razılığına daxil edilməyib.
Suriyada altı ildir davam edən müharibədə heç bir atəşkəs uzun müddət davam etməyib.