Rusiya, Türkiyə və İran arasında Suriya münaqişəsinin həllinə dair danışıqların növbəti raundu Qazaxıstanda sentyabrın 14-15-nə təyin olunub. Qazaxıstan Xarici İşlər nazirliyinin bildirdiyinə görə, danışıqların diqqət mərkəzində üç ölkənin Suriyada təhlükəsizlik zonalarında hərbi qüvvə yerləşdirilməsi planı olacaq.
Rusiya, Türkiyə və İran Qazaxıstan paytaxtı Astanada keçirilən danışıqlarda bundan öncə Suriyada təhlükəsizlik zonalarının yaradılması planını müzakirə edib.
“Qarant ölkələrdən aldığımız məlumata əsasən, qarşıdan gələn görüşdə təhlükəsizlik zonalarına nəzarət edəcək qüvvələrin işinə dair bir neçə sənədin nəzərdən keçirilməsi və İdlibdə vəziyyətə nəzarət edəcək qüvvələrin yaradılmasına dair işin davam etdirilməsi planlaşdırılır”, Qazaxıstan Xarici İşlər nazirliyinin bəyanatında deyilir.
Moskva, Ankara və Tehran İdlib, Homs və Şərqi Qutada təhlükəsizlik zonalarının xəritəsinin yaradılmasını və məhbusların mübadiləsi kimi bir sıra başqa məsələlərin müzakirə edilməsini planlaşdırır.
Astanada iyul ayında danışıqlarının bundan əvvəlki raundunda üç ölkə Suriyada dörd təhlükəsizlik zonasının yaradılması planı ilə bağlı razılığa gələ bilməmişdi. Bunun əsas səbəbi Ankaranın etirazları ilə bağlı idi.