Suriya hökumət qüvvələri paytaxt Dəməşq və ölkənin şərqindəki Deyr əz-Zor şəhəri arasında şosse yolunun sonuncu hissəsinin nəzarətini ələ keçirib. Bu haqda Hizbullah qrupuna məxsus media məlumat verib.
Qərbdən hərəkət edən əgərlərin artıq Deyr əz-Zorda olan hərbi qüvvələrə qoşulduğu bildirilir. Verilən məlumata görə, bununla şosse yolu bütünlüklə son illər ilk dəfə olaraq Suriya qüvvələrinin nəzarəti altına keçir.
Suriya ordusu və Livanın Hizbullah qrupu da daxil olmaqla İranın dəstəklədiyi müttəfiq qüvvələr cihadçılar tərəfindən üç ildir hökumətin nəzarətində olan Deyr əz-Zor anklavı və şəhərə bitişik aeroportun mühasirəyə bu həftə son qoyub.
Suriya hökumət qüvvələrinin Rusiyanın hava hücumlarının müşayiəti ilə irəliləməsi nəticəsində İslam Dövləti qrupu Suriyada özünün ən son istinadgahından sıxışdırılıb çıxarılır. ABŞ-ın dəstəklədiyi qüvvələr isə ayrıca cihadçıları nəzarət etdikləri ərazilərdən şərqə, Fərat çayının o biri sahilinə sıxışdırıb çıxarır.
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) İslam Dövləti qrupuna qarşı əməliyyatlarda daha artıq üstünlüyə nail olduğunu bildirib. Bundan bir gün əvvəl SDF Deyr əz-Zor vilayətinin şimal və şərq hissələrini azad etmək məqsədilə əməliyyata başladığını elan edib.
BMT Deyr əz-Zor şəhərinin hökumətin nəzarəti altında olan hissələrində təxminən 93 min insanın “olduqca ağır şəraitdə” yaşadığını bildirib.
İslam Dövləti qrupu İraq və Suriyada ələ keçirdiyi ərazilərin yarıdan çoxunu itirib. Lakin Birləşmiş Ştatların başçılığı ilə koalisiyanın bildirdiyinə görə, qrupun hələ də Suriyada 6 mindən 8 minə qədər döyüşçüsü qalır.