Accessibility links

Fransa: Suriya qüvvələrinin sarin qazından istifadə etdiyi sübuta yetirilib


Fransa aprel ayının 4-ü Suriyanın şimal bölgəsində hökumətin dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə edilməsinin məsuliyyətini daşıdığını bildirib.

Biz müəyyən mənbələrdən Suriya laboratoriyalarında süni sarin qazının istehsal edildiyini öyrənmişik

Xan Şeyxunda kimyəvi hücum zamanı olduqca zəhərli və ölümcül əsəb qazı olan sarin kimyəvi maddəsindən istifadə edilib, nəticədə 80-dən çox insan həyatını itirib. Bundan iki gün sonra ABŞ Suriyanın hava bazasını hədəf alıb.

Fransanın xarici işlər naziri Jan-Mark Eyro bildirib ki, biz müəyyən mənbələrdən Suriya laboratoriyalarında süni sarin qazının istehsal edildiyini öyrənmişik.

Jan-Mark Eyro
Jan-Mark Eyro

“Bu üsul rejimin dəsti-xəttidir və biz rejimin hücumun məsuliyyətini daşıdığını sübuta yetirmişik”- deyə, nazir bildirib.

Nazirin bəyanatı Fransanın hücumla bağlı detallı hesabat açıqlanmasından sonraya təsadüf edir. Sənəddə aprel ayının 4-ü hücumundan götürülən nümunələrin həm sarin qazı, həm də heksamin maddəsindən istifadə edildiyini sübut etdiyi bildirilir.

Hesabatda İslam Dövləti qrupu və ya digər yaraqlıların sarin qazına malik olduğu və rəqib döyüşçülərin hücumu həyata keçirdiyi iddialarının etibarsız olduğu bildirilir.

Suriya prezidenti Bəşar Əl-Əsəd hücumla bağlı iddiaları rədd edərək, bunu ABŞ-ın bazaya hücumuna bəraət qazandırılması üçün uydurulduğunu deyib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə deyib ki, Fransanın hesabatı hücumla bağlı sübut ola bilməz. O bildirib ki, Bu, ancaq beynəlxalq təhqiqat qrupu tərəfindən sübuta yetirilə bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın qisas xarakterli hücumunun Suriya münaqişəsinin sülh yolu ilə həllini əngəllədiyini deyib.

Prezident Tramp bəyan edib ki, kimyəvi silahlardan istifadə və onun yayılması ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir və bunun qarşısını almaq Vaşinqtonun borcudur.

ABŞ lideri Suriya rəhbərliyinin BMT Təhlükəsizlik Şurasının və Kimyəvi Silahlar üzrə Konvensiyanın müddəalarını kobud şəkildə pozduğunu önə çəkib.

XS
SM
MD
LG