BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi regiona səfəri zamanı gələn ay Cenevrədə Suriyaya dair sülh konfransına dəstək qazanmağa çalışır.
Lahdar Brahimi Misirin Xarici İşlər naziri Nabil Fəhmi ilə görüşüb. Onun Ərəb Liqasının Baş katibi Nabil Əl-Ərəbi ilə bazar günü danışıqlar keçirəcəyi gözlənilir.
Cenevrə konfransında Suriyada müvəqqəti hökumətin yaradılması və ölkədə demokratik seçkilərin keçirilməsinə hazırlıqlar məsələlərinin müzakirəsi nəzərdə tutulub.
ABŞ Dövlət katibi Con Kerri bir həftə bundan əvvəl Brahimi ilə danışıqlardan sonra Suriya prezidenti Bəşar Əl-Əsədin xalqı birləşdirmək iqtidarında olmayaraq, legitimliyini itirdiyini demişdi. Con Kerri bildirib ki, Cenevrə konfransı BMT-nin qarşıya məqsəd qoyduğu kimi noyabrın ortalarında təşkil edilməlidir.
Suriyanın özündə isə maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 16 əsgərin öldüyü və Dəməşq ətrafında üsyançılarla toqquşmaların baş verdiyi haqda məlumatlar verilib.
Britaniyada yerləşən Suriyada İnsan Haqları Müşahidə qrupunun bildirdiyinə görə, intiharçı hücumu Əl-Qaidə ilə əlaqəsi olan Nusra cəbhəsi tərəfindən həyata keçirilb.