Rusiya, Türkiyə və İran Qazaxıstanda keçirilən danışıqlar zamanı Suriyada təhlükəsizlik zonalarının yaradılmasına dair razılıq əldə bilməyib. Bu haqda diplomatlar məlumat verib.
Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləyən Rusiya və İran üsyançıları dəstəkləyən Türkiyə ilə təhlükəsizlik zonalarının yaradılması üçün birgə işin davam etdirilməsi haqda razılıq əldə edib.
Üç ölkənin nümayəndələri avqustun sonunda Astanada keçiriləcək növbəti görüş zamanı konsensus əldə edə biləcəklərinə ümid etdiklərini bildirib.
Bu məsləhətləşmələr zamanı Türkiyə tərəfi müfaviq qərar vermək üçün daha çox vaxta ehtiyac olduğunu bildirib.Aleksandr Lavrentyev
Razılığın əldə edilməməsi sülh danışıqlarının təşkilatçısı olan Moskva üçün uğursuzluq kimi qiymətləndirilir. Rusiya Suriyada altı ildir gedən müharibəyə son qoyulması məqsədilə beynəlxalq səylərə rəhbərlik etməyə cəhd göstərir.
“Bu məsləhətləşmələr zamanı Türkiyə tərəfi müfaviq qərar vermək üçün daha çox vaxta ehtiyac olduğunu bildirib”, Rusiyanın vasitəçisi Aleksandr Lavrentyev deyib.
Dəməşq hökumətinin danışıqlarda baş vasitəçisi Bəşar Əl-Cəfəri Türkiyənin mövqeyi ilə bağlı daha açıq münasibət bildirib.
“Türkiyə nümayəndə heyəti təhlükəsizlik zonalarının yaradılması mexanizmlərinin həyata keçirilməsi ilə bağlı hər hansı sənədin qəbul edilməsinə qarşı çıxıb”, o deyib.
Türkiyənin nümayəndələri danışıqlardan sonra açıqlama verməyib. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan France 24 tele kanalında bazar ertəsi günü verdiyi müsahibədə bildirib ki, o, məsələni bu həftə Hamburqda Böyük 20-lərin sammitində Rusiya prezidenti Putinlə müzakirə edəcək.
BMT-nin sponsorluğu ilə sülh danışıqları ilə parallel aparılan Qazaxıstan danışıqlarının əvvəlki raundlarında da ciddi inkişafa nail olunmayıb. May ayında “de-esakalasiya zonaları” adlandırılan ərazilərdə elan edilmiş atəşkəsin dəfələrlə pozulduğu qeydə alınıb.
BMT-nin hesablamalarına görə, Suriyada vətəndaş müharibəsi nəticəsində 320 mindən çox insan öldürülüb. Təşkilat işgəncə, qətllər və başqa qəddarlıqların sənədləşdirilməsi məqsədilə komissiya yaradıb.