Accessibility links

Təbriz millət vəkili: Ölkənin durumu İran-İraq müharibəsi dönəmindən daha ağırdır


Təbriz millət vəkili və İran Parlamenti sədrinin birinci müavini Məsud Pezeşkiyan
Təbriz millət vəkili və İran Parlamenti sədrinin birinci müavini Məsud Pezeşkiyan

Təbriz millət vəkili və İran Parlamenti sədrinin birinci müavini Məsud Pezeşkiyan İranda iqtisadi durumun İran-İraq mühaharibəsi dönəmindəki vəziyyətdən daha ağır olduğunu ifadə edib.

Pezeşkiyanın sözləri “Fars” xəbər agentliyində dərc edilib.

Yaralar aldığımızda bir qrup deyir ki, Həsən Ruhani höküməti yaramazdır. Amma, İran-İraq müharibəsi dönəmində belə deyildi. Hərbçilərimiz şəhid olanda kimsə kimsəni günahlandırmırdı...
Məsud Pezeşkiyan

“Mənə görə indiki şəraitdə ölkədə iqtisadi müharibə qərargahı təşkil olunmalı idi. Mən bunu bir il əvvəldən gündəmə gətirmişəm. Çünki, indiki şərait İran-İraq müharibəsi dönəmindəki şəraitdən daha pisdir və biz hərbi vəziyyətdəyik,” siyasətçi söyləyib.

ABŞ-ın İrana qarşı sanksiyalarına diqqət çəkən Məsud Pezeşkiyan deyib ki, “yeni dövr sanksiyalarda amerikalılar daha məkrli olub və çıxış yollarını daha da daraldıblar.”

İran Parlamenti sədrinin birinci müavini hakimiyyət daxilində müxtəlif qüvvələr arasındakı münaqişələrdən narahat olduğunu önə çəkib:

“Müxtəlif məsələlər səbəbilə bir-birimizi məhkum edirik. Bu xarici qüvvələrin bizim içimizə atdığı bombadır. Biz yara alırıq və bir qrup deyir ki, Həsən Ruhani höküməti yaramazdır. Amma, İran-İraq müharibəsi dönəmində belə deyildi. Hərbçilərimiz şəhid olanda kimsə kimsəni günahlandırmırdı. Çünki, hamı ölkənin müharibədə olduğunu bilirdi.”

Məsud Pezeşkiyan əlavə edib, “müharibə dönəmində hər kəs müharibə qərargahının qərarlarına əməl etməli olurdu... İndi də müharibə vəziyyətidir. Müharibə dövrünün qərargahları indi də qurulmalıdır və aparıcı siyasətçilər orada yer alıb və qərarlar çıxarmalıdırlar.”

XS
SM
MD
LG