Accessibility links

Təbrizdə mərhum Həsən Dəmirçinin il mərasimi keçirilib


Cümə axşamı Təbrizin "Vadi-i Rəhmət" məzarlığında mərhum Həsən Dərmirçinin il mərasimi keçirilib.

El içində "Həsən Azərbaycan" adı ilə tanınan sənətkar, yazar, şair və milli mədəni fəal keçən il iyunun 24-də ürək xəstəliyindən vəfat edib.

Dəmirçi 1986-cı ildə Doktor Məhəmmədtağı Zehtabi ilə birlikdə "Azərbaycan Mədəniyyət Ocağı" adlı dərnəyin təsisçilərindən olub, həmin dərnəyin musiqi proqramını idarə edib.

O, "Azərbaycan marşı" adlı bəstəni uzun zaman bütün getdiyi məclislərdə səsləndirdiyi üçün bu günlər İran Azərbaycanının şəhərlərində bu marş geniş sayda gənclər tərəfindən oxunur və səsləndirlir. Marşın Sözlərini Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadə yazıb, musiqisini isə Emin Sabitoğlu bəstələyib.

Dəmirçi muğam musiqisinin təlimi haqqında bir neçə kitabın o cümlədən beş cildlik "Azərbaycan Seçilmiş Mahnıları" və "Azərbaycan Muğamları" müəllifidir.

O, həmçinin dəfələrlə mədəni və milli fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmələrdə həbsə məhkum olunub.

Həsən Dəmirçi 2013-cü ilin fevral ayında Təbriz İnqilab Məhkəməsi tərəfindən dövlət tərəfindən Varzəqan zəlzələsindən zərər çəkmiş ailələrə icazəsiz qaydada yardım toplamaq ittihamı ilə və 6 aylıq həbs cəzasına məhkum edilmişdi.

XS
SM
MD
LG