Accessibility links

Təbriz artıq İran Pro-Liqasında 3 komanda ilə təmsil ediləcək


"Yaşıl Maşın" 20 ildən sonra təkrar İran Pro-Liqasına yüksəlib

Təbrizlilərin “Yaşıl Maşın” adlandırdığı Maşinsazi futbol klubunun İran I divizionunda Kirman vilayətinin komandasını məğlub edib və İran Pro-Liqasına yüksəlməsi ilə gələcək mövsümdə İran Pro-Liqasında Təbriz artıq üç komanda ilə təmsil ediləcək.

İranın müxtəlif vilayətlərindən 16 komandanın yarışdığı İran Pro-Liqasında yer alan Təbrizin digər iki futbol komandası Traktorsazi (Traktor) və Gostaresh Foulad (Göstəriş Polad) klublarıdır.

May ayının 10-da I divizion (Azadegan Liqası) oyunlarının 37-ci həftəsində Mis Rəfsəncan futbol klubunu 3-0 hesabı ilə məğlub edən Maşinsazi 20 ildən sonra təkrar İran Pro-Liqasında yer almağa nail olub.

İran Azərbaycanının ən qədim futbol komandası Maşinsazi 1969 ilində Traktor komandasının yaradılmasından bir il öncə təsis edilib. Azarkeşləri ona türk dilində Yaşıl Maşın adı veriblər.

Yaşıl Maşın komandası bu mövsümdə baş məşqçi Rəsul Xətibinin rəhbərliyi ilə I divizionda yarışıb. Təbrizin digər klubu olan Göstəriş Polad da dörd il öncə Xətibinin rəhbərliyi ilə İran Pro-Liqasına yüksəlmişdi. İran milli yığmasının sabiq oyunçusu Rəsul Xətibi Təbrizin hər üç klubunda baş məşqçi kimi çalışıb.

XS
SM
MD
LG