2016-cı ilin döyüş hazırlığı proqramına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə mayın 17-dən 19-dək “Ağgöl” səhra təlim mərkəzində “Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq hücuma kecmiş düşmən qüvvələrinin hücumunun qarşısının alınması, əks həmlədən hücuma keçərək düşmən qüvvələrinin məhv edilməsi və dövlət sərhədinin bərpa edilməsi” mövzusunda irimiqyaslı taktiki təlimlər keçirilib.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, təlimlərin əsas məqsədiçevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi olub.
Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.
Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması, yaralıların təxliyə edilməsi, sıradan çıxmış avtomobil və zirehli texnikaların təmir-təxliyə qrupu tərəfindən döyüş sahəsindən çıxarılması elementləri də işlənilib.
Təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları həyata keçirilib.