Accessibility links

Taliban militanları İslamabad hücumuna görə məsuliyyəti öz üzərinə götürüb


Pakistan Talibanı çərşənbə axşamı İslamabadda bir polis məmurunun ölümü və ikisinin yaralanması ilə nəticələnən nadir gecə hücumuna görə məsuliyyəti üzərinə götürüb.

Polis rəsmilərinin bildirdiyinə görə, motosiklet sürən iki silahlı şəxs bazar ertəsi axşam saatlarında şəhərin izdihamlı bazarlarından birinin yaxınlığındakı təhlükəsizlik məntəqəsinə atəş açıb. Onların dediyinə görə, atışma nəticəsində hər iki hücumçu öldürülüb.

“Terrorçuların açdığı atəş nəticəsində bir polis məmuru ölüb, daha ikisi isə yaralanıb”, - deyə polis açıqlamasında bildirib.

Pakistanın Daxili işlər naziri Şeyx Rəşid Əhməd silahlı hücumu terror aktı adlandıraraq pisləyib.

"Biz İslamabadda terror hadisələrinin baş verməyə başlaması ilə bağlı bir növ siqnal aldıq", - deyə Əhməd öldürülən polis məmurunun cənazə namazında iştirak etdikdən sonra jurnalistlərə bildirib.

“Təhrik-i-Taliban Pakistan” və ya TTP kimi tanınan Pakistan Talibanı Twitter-də verdiyi açıqlamada hücuma görə məsuliyyəti öz üzərinə götürüb və hücumda iştirak edən iki silahlısının öldürüldüyünü təsdiqləyib.

TTP Pakistanda militanlarla hökumət arasında 30 günlük atəşkəsin başa çatdığı dekabrın əvvəlindən sonra hücumları artırıb.

Əfqanıstanın hakim Taliban hərəkatı iki tərəf arasında əsaslı sülh danışıqlarına yol açmağa çalışmaq üçün atəşkəsə vasitəçilik etmişdi. Lakin Pakistan Talibanı danışıqlarda irəliləyiş olmadığını əsas gətirərək atəşkəs razılaşmasını uzatmaqdan imtina edib.

İllər ərzində TTP Pakistanda minlərlə dinc sakinin və təhlükəsizlik qüvvələrinin ölümünə səbəb olan yüzlərlə kamikadze partlayışı və digər hücumların məsuliyyətini öz üzərinə götürüb.

Pakistan bildirir ki, TTP liderləri və döyüşçüləri qonşu Əfqanıstana sığınıblar və oradan sərhədyanı terror hücumları təşkil edirlər.

Ötən həftə TTP Əfqanıstanın şərqindəki Nangarhar sərhəd əyalətində yüksək səviyyəli komandirlərindən birinin öldürüldüyünü təsdiqləyib. Ölən şəxsin yüksək səviyyəli lider Xalid Balti olduğu bilinsə də, onu kimin öldürdüyü məlum deyil.

Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Ştatlar da Pakistan Talibanını qlobal terror təşkilatı kimi tanıyıb.

Pakistan Talibanı Pakistan hökumətinə qarşı döyüşən ən böyük silahlı birləşmədir. TTP və Əfqanıstan Talibanı yaxın müttəfiqlərdir və keçən ilə qədər Əfqanıstanda Qərbin dəstəklədiyi hökuməti dəstəkləyən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrə qarşı birgə döyüşüblər.

XS
SM
MD
LG