Accessibility links

Yağış fəsadlar yaradıb


Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin qaynar xəttinə vətəndaşlardan bu barədə çoxsaylı müraciətlər daxil olub.

Yağış sualrının fəsadları (Foto Ramin Dekonundur)
Yağış sualrının fəsadları (Foto Ramin Dekonundur)

“Fövqəladə Hallar Nazirliyinin gördüyü operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi vətəndaş müraciətlərinin aidiyyəti dövlət qurumlarına, o cümlədən rayon icra hakimiyyətlərinə və "Azərsu” ASC-ə ötürülməsini və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunmasını həyata keçirib. Oktyabrın 4-də gecə saatlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Bakı şəhərinin Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda həyətyanı sahələrinin yağış suları ilə dolması səbəbindən köməksiz vəziyyətdə qalmış 25 nəfəri təhlükəsiz yerlərə təxliyə edib”, məlumatda qeyd edilir.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinə cəlb olunub.

Yol çöküb
Yol çöküb

Nazirlik bildirir ki, hazırda Bakı şəhərinin Binəqədi, Sabunçu rayonlarında və Abşeron rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin 70 nəfər şəxsi heyəti və 17 ədəd texnikası suçəkmə işlərini davam etdirir.

Yağış suları nəticəsində Bakının Nizami rayonunda avtomobil yolunda çökmə də olub.

"Azəravtoyol" ASC məlumatına görə, yolun altından keçən kanalizasiya kollektoru partladığından və çırkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.

XS
SM
MD
LG