İyulun 14-də axşam saatlarında güclü leysan yağışları Qazax rayonu (Bakıdan 500 kilometr qərb) ərazisində fəsadlar törədib. Qazax şəhər təsərrüfatına ziyan dəyib. Bu barədə Qazax Rayon İcra Hakimiyyəti məlumat yayıb.
“Rayon mərkəzində və kəndlərdə vətəndaşlara məxsus fərdi yaşayış evləri yararsız hala düşüb. Evlərin zirzəmilərinə, həyətyanı sahələrə, bağlara, Qazax şəhərinin parklarına, Uşaq Əyləncə Mərkəzinə sel suları dolub, küçə və yolları sel suları yuyaraq yararsız hala salıb, elektrik xətlərində yaranmış problemlər nəticəsində elektrik verilişində fasilələr yaranıb, iri ağaclar yıxılıb”, məlumatda qeyd edilir.
Təbii fəlakət zamanı 9 nəfər sakin zərər çəkib
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri və komissiya üzvləri baş vermiş hadisə ilə bağlı zərər dəymiş ünvanlarda olub. Dəymiş ziyan hesablanır.
Hazırda təbii fəlakətin nəticələri aradan qaldırılır.