Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
“Azərbaycan qadını güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoyub. Keçmişimizin mürəkkəb sosial-siyasi dəyişikliklərə məruz qaldığı müəyyən dövrlərdə o həmişə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirib”, prezident qeyd edir.
Dövlət başçısı vurğulayır ki, yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdıqları Azərbaycan Xalq Cümhuriyyəti Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verib.
2017-ci il üçün Azərbaycan əhalisi 9,81 mln. nəfər təşkil edib, bunun 4,918 mln. nəfəri qadınlardır (50,14%), müvafiq olaraq dünyaya gələn qızların sayı oğlanlardan təxminən 4% az olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, 2003-cü ilə nisbətən Azərbaycanda məşğul əhali tərkibində qadınların sayı 23,2 faiz artaraq cari ilin əvvəlində 2 348 400 nəfərə çatıb.
Onun sözlərinə görə, Azərbaycanda qadınların sosial-iqtisadi və ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakı təmin olunub.
Bununla yanaşı, hüquq müdafiə təşkilatları ölkədə qadınlar arasında işsizliyin, qadınların gəlirlərinin kişilərə nisbətən çox az olmasını, dövlət vəzifələrində irəli çəkilməsi ilə bağlı problemlərin olduğunu bildirir.
“Ölkədə əhalinin yarıdan çoxunu qadınlar;n təşkil etməsinə baxmayaraq qadın nazir yoxdur”, Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu Amerikanın Səsinə bildirib.