Accessibility links

Azərbaycan prezidenti Novruz bayramı münasibəti ilə xalqı təbrik edib


Novruz bayramı
Novruz bayramı

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir ki, Azərbaycanın çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.

“Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir”.

Prezident bildirir ki, ictimai-siyasi həyatda əlamətdar hadisələrlə zəngin bayramın Odlar yurduna builki gəlişi xüsusi məna qazandırır.

“Əminəm ki, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağıq. Baharı azərbaycançılıq məfkurəsi işığında dünyanın müxtəlif guşələrində bizimlə birgə qarşılayan soydaşlarımıza təbriklərimi yetirirəm. Qoy həmrəyliyimizin rəmzi olan bu el bayramı hər evə xoş əhval gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş eləsin.Novruz bayramınız mübarək olsun!" təbrikdə qeyd edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycana yazın gəlişi martın 20-də, saat 20.15-ə təsadüf edəcək.

Nazirlər Kabinetinin qərarına görə, Novruz bayramında ölkədə martın 20-dən 26-dək qeyri iş günüdür.

XS
SM
MD
LG