Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, başsağlığı məktubunda deyilir. “Ölkənizin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.
İRNA agentliyinin son məlumatına görə, Şərqi Azərbaycanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 300-ə çatıb. Zəlzələ qurbanlarına kömək məqsədi ilə İran mərkəzi hökuməti regiona yeddi korpus göndərib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Elman Abdullayev Amerikanın Səsi radiosuna bildirib ki, Azərbaycan İran tərəfinə humanitar yardım etməyə hazır olduğunu təklif edib. ”Biz avqustun 12-də zəlzələdən zərər çəkənlərə yardım etmək niyyətimizi rəsmi olaraq İran tərəfinə çatdırmışıq”.
Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu da İran xarici işlər naziri Əli Əkbər Salehi ilə telefonla danışıb, Türkiyənin zəlzələ qurbanlarına kömək etməyə hazır olduğunu onun diqqətinə çatdırıb.
Lakin, hazırki anadək İran hökuməti nə köməklə bağlı təkliflərə münasibət bildirib, nə də özü beynəlxalq ictimaiyyətə müraciət edib.