Accessibility links

Dövlət Təhlükəsizliyi Xidməti terror hazırlayan dəstəni zərərsizləşdirdiyini bildirir


Dövlət Təhlükəsizliyi Xidmətinin binası
Dövlət Təhlükəsizliyi Xidmətinin binası

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılan cinayətkar birlikdə iştirak etmə, odlu silahdan istifadə etməklə terrorçuluğa və quldurluğa hazırlıq əməllərini törətmələrinə əsaslı şübhələr olan A.Quliyev, F.Rüstəmov və A.Gülməmmədovun saxlanılması üzrə oktyabrın 26-27-də respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri həyata keçirib. Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsinin məlumatında deyilir.

Xəbərdə bildirilir ki, əməliyyat tədbiri zamanı saxlanılmasına müqavimət göstərərək ictimai yerdə F-1 tipli əl qumbarasını partlatmağa cəhd edən A.Quliyev, habelə “Steçkin” markalı tapançadan istifadə edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açıb silahlı müqavimət göstərən F.Rüstəmov ətrafdakıların həyat və sağlamlığının ümumi təhlükəli, real və qəfil cinayətkar qəsddən qorunması və cinayətkar əməllərə qarşı cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub.

Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2 (Cinayətkar birlik (təşkilat) yaratma - cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 28 (Cinayətə hazırlıq),181.2.1 ( Quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 28,214.2.1 (Terrorçuluq -qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə ) , 28,214.2.3 ( Terrorçuluq - odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə ) və 228.1-ci ( Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

DTX müəyyən edib ki, Azərbaycan vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüb.

DTX-nin məlumatında deyilir ki, onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görüb, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG