Accessibility links

Tehran və İran Azərbaycanında türk fəallar məhkəməyə çağırılıb


Keçən günlərdə Tehran, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərində Abbas Lisani daxil olmaqla, bir neçə türk fəalın məhkəməyə çağırıldığı bildirilir.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinin yaydığı xəbərlərə istinadən, ən az 5 fəala məhkəməyə çağırış vərəqələri göndərilib.

3 aydan artıqdır Ərdəbil həbsxanasında saxlanılan Abbas Lisanidən aprelin 13-də Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinə müraciət etməsi istənilib.

Təbriz İnqilab Məhkəməsi keçən fevral ayında Lisaniyə qarşı 10 aylıq həbs hökmü çıxarıb.

O, keçən təqribən 15 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb.

HRA həmçinin milli fəal Cəfər Rüstəmi-Radın Tehran vilayətinin Apellyasiya Məhkəməsinə çağırıldığını bildirib.

Cəfər Rüstəmi-Rad daha əvvəl Tehran İnqilab Məhkəməsi tərəfindən 6 ay həbs və əlavə olaraq naməlum müddətə qədər ictima-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzasına məkum edilib.

Rüstəmi-Rad keçən ilin iyul ayında İran Azərbaycanında keçirilən ənənəvi Babək Qalası yürüşü ilə əlaqədar nəzarət altına alınmışdı.

Qərbi Azərbaycan vilayətində isə, Ulduz Qasımi, Əmir Səttari və Cavad Yekanlının məhkəməyə çağırıldığına dair məlumat yayılıb.

Hər üç fəal keçən ilin may ayında və 2006-cı ildə baş qaldıran kütləvi üsyan zamanı Sulduz şəhərində türk etirazçıların öldürülməsinin ildönümü mərasiminə qatıldıqları zaman nəzarət altına alınmışdılar.

Fəallardan aprelin 7-də Urmiyənin cənubunda yerləşən Sulduz (Nəğədə) Cəza Məhkəməsinə müraciət etmələri istənilib.

XS
SM
MD
LG