Accessibility links

ABŞ mütəxəssisləri İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycanda təlim keçir


Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı təlim
Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı təlim

ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirib. Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən təlim oktyabrın 2-dən 6-dək davam edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, təlimin açılış mərasimində İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının ABŞ səfirliyindəki müşaviri Kiç Roberts bildirib ki, təmsil etdiyi layihə Azərbaycanda 1999-cu ildən icra olunur və layihə çərçivəsində uzun müddətdir Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı mübarizə sahəsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edən Kiç Roberts indiyə qədər ABŞ tərəfindən Azərbaycana avadanlıq və təlim şəklində yardım göstərildiyini diqqətə çatdırıb. Hər hansı qurumun səmərəli fəaliyyətinin başlıca şərtlərindən birinin əməkdaşların potensialının, bilik və bacarıqlarının artırılması olduğunu vurğulayan amerikalı ekspert Dövlət Gömrük Komitəsinin Akademiyasını misal göstərməklə Azərbaycan gömrüyünün bu sahədə atdığı addımların təqdirəlayiq olduğunu söyləyib.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlər, müvafiq qanunvericilik bazası barədə iştirakçıları məlumatlandırıb.

Cavad Qasımov bu sahədə gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü bildirib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən də bəhs edib.

Baş İdarənin rəisi gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması sahəsində göstərilən dəstəyin ümumi işə faydasına toxunub və növbəti təlimin də gömrük əməkdaşlarının potensialının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Təlimin ikinic mərhələsi oktyabrın 9-13-də davam etdirləcək. Ümumilikdə iki həftə davam edəcək təlim çərçivəsində amerikalı ekspertlər Ellen Stemi, Timoti Habler, Deyv Kinni və Riçard Libbi tərəfindən iştirakçılara Kütləvi Qırğın Silahları (kimyəvi, bioloji, nüvə və raket) barədə məlumat veriləcək, həmin silahların aşkar edilərək müvafiq tədbirlərin həyata keçirilməsinin üsulları öyrədiləcək. Təlim iştirakçıları radioloji silahlar barədə də məlumatlandırılacaq.

Praktiki məşğələlərin də keçiriləcəyi təlimlərə Dövlət Gömrük Komitəsinin və digər hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

XS
SM
MD
LG