Accessibility links

Teref.info saytının baş redaktorunun məhkəməsi başlayır


teref.info saytı
teref.info saytı

Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 11-nə təyin edilib. Bu barəd report.az saytı məlumat yayıb.

Baş redaktora qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Nurəddin Xoca Amerikanın Səsinə bildirib ki, ittiham üzrə özünü günahkar bilmir.

“İttihamın məzmununu belə başa düşə bilmirəm. Bu ittiham əslində dünyanı Azərbaycanın hüquq sisteminə güldürmək kimi başa düşülməlidir,” o qeyd edib.

Bu ittiham əslində dünyanı Azərbaycanın hüquq sisteminə güldürmək kimi başa düşülməlidir.
Nurəddin Xoca, baş redaktor

Baş redaktorun sözlərinə görə, 2018-ci il iyulun 13-də ona qarşı Bakı şəhər Prokurorluğunda cinayət işi qaldırılıb.

“Cinayət işinin qaldırılmasına səbəb kimi 2018-ci il iyulunda musavat.com saytına məxsus `Etibar Pirverdiyervin kriptovalyuta biznesi ortaya çıxdı`, reprtyor.info saytına məxsus `Azərenerji yoxanılır, Pirverdiyev işıq terroru üçün dindirilir-finski korrupsiya` başlıqlı məqalələrin dərc olunması göstərilir. Bu yazılarda dövlət əleyhinə yönələn hər hansı çağırış yoxdur. Əksinə bir məmurun ölkəni elektrik enerjisiz qoymasından söhbət gedir. Hansı ki, 2018-ci il iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkədə elektrikin verilməsində uzun müddət fasilə yaranıb. Qəzanın səbəbini araşdırmaq üçün dövlət komissiyası yaradılıb,” o qeyd edib.

Nurəddin Xoca bildirib ki, “KİV haqqında” qanunda başqa nəşrdə dərc edilən və təkzib edilməyən məlumatı təkrar dərc edən nəşrlərin məsuliyyət daşımadığı bildirlıir.

Baş redaktor iyulun 13-dən hər hansı məhkəmə qərarı olmadan teref.info saytına Azərbaycan ərazisində girişin bloklandığını da bildirir.

2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə iyulun 3-də prezident baş nazirin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradıb.

Azərbaycan prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olduqdan sonra işdə yol verdiyi nöqsanlara görə 2018-ci il sentyabrın 4-də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib. Etibar Pirverdiyev baş verənlərə görə xalqdan üzr istəyib.

XS
SM
MD
LG