ABŞ-ın federal yol nəqliyyatı təhlükəsizliyi agentliyinin müstəntiqləri elektriklə işləyən avtomobil istehsalçısı Tesla Motors şirkətindən avtopilot sistemləri haqda təfərrüatlı məlumatlar tələb edib. Bu ilin əvvəli yolda hərəkət edən avtomobillərdən biri sistemdən istifadə edərkən qəzaya uğrayıb, hadisə nəticəsində sürücü həlak olub.
İctimaiyyətə açıqlanan məktubda Milli Magistral Yollarda Təhlükəsizlik Administrasiyası eyni zamanda, avtopilot sistemi istifadəyə verildikdən sonra bununla əlaqədar baş vermiş bütün qəzaların siyahısını tələb edib. Bununla yanaşı bu sistemlə bağlı gələcək aylarda nəzərdə tutulan modifikasiyalar haqda məlumatların paylaşılması tələb olunur.
Təhlükəsizlik administrasiyası may ayının 7-də Florida ştatında 40 yaşlı sürücünün ölümünə səbəb olan qəzanın səbəblərini araşdırır. Qəza zamanı avtomobilin avtopilot sistemi parlaq gün işığında böyük yük maşınının kənarında ağ rəngi ayıra bilməyib.
Bunun nəticəsində avtomobilin əyləc sistemi avtomatik olaraq işə düşməyib və maşın yol xəttini dəyişmək istəyən yük maşını ilə toqquşub.