Accessibility links

Texasda baş verən fırtına azı 4 nəfərin həyatına son qoyub


Cümə axşamı Texasın cənub-şərqində sürətlə hərəkət edən tufan nəticəsində Hyuston ərazisində ən azı dörd nəfər ölüb, çoxmərtəbəli binaların pəncərələri sınıb, ağaclar yıxılıb və 900 mindən çox ev və müəssisə elektriksiz qalıb.

Çoxu keçilməz olduğundan və gecə boyu işıqforların işləməyəcəyi gözlənildiyinə görə, rəsmilər sakinləri yollardan uzaq durmağa çağırıb.

Hyuston şəhərinin meri Con Vitmayr axşam brifinqində "Bu gecə evdə qalın. Təməl xidmətlər göstərən işçi deyilsinizsə, sabah işə getməyin. Evdə qalın, uşaqlarınız qayğısına qalın. Fövqəladə hallar idarəsi gecə-gündüz işləyəcək" deyib.

Mer sərt hava şəraiti səbəbilə 4 nəfərin öldüyünü bildirib. Rəsmilərin bildirdiyinə görə, ölənlərdən azı ikisinin üzərinə ağac düşüb, bir digəri isə güclü küləyin qaldırıcı kranı onun üzərinə aşırması nəticəsində ölüb.

Küçələri su basıb, region boyu ağaclar və elektrik xətləri qırılıb. Vitmayr küləyin sürətinin saatda 160 km-ə çatdığını deyib. Onun sözlərinə görə, güclü küləklər 2008-ci ildə şəhəri vuran "Ayk" qasırğasını xatırladıb.

Külək şəhərin mərkəzindəki mehmanxanalar və ofis binalarında yüzlərlə pəncərə sındırıb, şüşələr küçələrə tökülüb. Ştat hakimiyyəti təhlükəsizliyi təmin etmək üçün İctimai Təhlükəsizlik Departamentinin əməkdaşlarını əraziyə göndərib.

Hyuston Müstəqil Məktəb Bölgəsi cümə günü 274 kampusunda 400 min şagirdin dərslərini ləğv edib.

Fırtına sürətlə keçsə də, Hyuston və şərqdəki ərazilər üçün daşqınlarla bağlı xəbərdarlıqlar qalmaqda davam edib. Şiddətli külək qonşu Luiziana ştatına keçib və 215 mindən çox sakini elektriksiz qoyub.

Forum

XS
SM
MD
LG