Gürcüstan parlamenti "xarici agentlər haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. "Exo Kavkaza" xəbər verir ki, sənədi 83 deputat dəstəkləyib, heç kim əleyhinə səs verməyib. Müxalifət səsvermədən imtina edib.
Qanun layihəsinə əsasən, gəlirlərinin 20%-dən çoxu xarici mənbələrdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslər və KİV xarici maraqlara xidmət edən təşkilatlar hesab ediləcək.
QHT-lər və KİV-lər özləri qeydiyyat üçün Milli Dövlət Reyestri Agentliyinə müraciət etməyə borcludurlar. Əgər onlar qeydiyyatdan yayınarsa, onları 25 min lari (9300 dollar) məbləğində cərimə gözləyir. Bundan əlavə, pozuntuların aradan qaldırılmaması və təkrar pozuntulara görə cərimələr nəzərdə tutulur.
Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinə veto qoyacağını bildirib. O, eyni zamanda qeyd edib ki, parlament çoxluğu bunun öhdəsindən gələ bilər. "Mənim vetom xalqın səsidir və bu səs eşidilməlidir" – deyə o, BBC-yə bildirib.
Aprelin 15-də Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsi qanun layihəsinə birinci oxunuşda baxıb. Həmin səhər Tbilisidə və Gürcüstanın digər şəhərlərində etiraz aksiyaları başlayıb. Axşama yaxın bir neçə min etirazçı paytaxta toplaşıb. Parlament binasına təhlükəsizlik qüvvələri yerləşdirilib.
Zurabişvili etirazçılara dəstək verib. "Tbilisidə vətəndaş cəmiyyətinin "Rusiya qanunu"na qarşı nümayişi. "Xüsusi təyinatlılar" onların avropalı gələcəyini müdafiə edən mülki əhaliyə qarşı su şırnakları və gözyaşardıcı qaz ilə hərəkətə keçməyə hazırdır. Saxlanılmalar həyata keçirilir. Gürcüstan yeni sövdələşmə ilə razılaşmayacaq!", o yazıb.
Etirazların birinci günündən sonra polis 14 nəfəri, ikinci günün sonunda isə 11 nəfəri saxlayıb. “Girchi-Meti Tavisupleba” libertar partiyasının lideri Zurab Caparidze aprelin 16-na keçən gecə Tbilisidə Gürcüstan parlamentinin yaxınlığında saxlanılanların bir qrup şəxs tərəfindən döyüldüyünü bildirib. Onun sözlərinə görə, həbs zamanı bu baş verməyib. Etirazçılar bildiriblər ki, polis xəbərdarlıq etmədən həddindən artıq güc tətbiq edib, o cümlədən jurnalistlərə qarşı.
Ötən il hakim "Gürcü Arzusu" partiyası artıq "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini təqdim edib. 2023-cü il martın 7-də Gürcüstan parlamenti kütləvi etirazlara səbəb olan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Martın 8-də aksiya yenidən başlayıb və martın 9-da səhər saatlarında "Gürcü arzusu" və "Xalqın gücü" hərəkatı bu qanun layihəsini parlamentdən geri götürüb.
Buna baxmayaraq, 2024-cü il aprelin əvvəlində "Gürcü arzusu" qanun layihəsini yenidən parlamentə təqdim edib. Birinci variantdan fərqli olaraq, yenidən işlənmiş sənəddə "xarici təsir agenti" ifadəsi əvəzinə "xarici maraqları güdən təşkilat" ifadəsi işlədilir.
Forum