Ukrayna Hərbi Dəniz Qüvvələri Berdyansk limanında Rusiyanın Qara Dəniz Donanmasının “Orsk” adlı nəhəng desant gəmisinin məhv edildiyini bildirib. Rusiya mətbuatının bildirdiyinə görə, martın 21-də limana daxil olan gəmi şəhərə hərbi texnika gətirib. Rusiya Müdafiə Nazirliyi hələ ki, “Orsk” gəmisinin məhv edilməsinə dair məlumatla bağlı şərh verməyib.
Qara dəniz donanmasının "Orsk" gəmisi suya 1968-ci ildə salınıb. Açıq mənbələrə görə, onun işçi heyəti 55 nəfərdən ibarətdir. Gəmi 313-dən 440-a qədər əsgər daşıya bilir. Sosial şəbəkələrdə sahilə yan alan gəmidəki güclü yanğının baş verdiyinə dair foto və video sübutlar yayılıb.
Zaporijye vilayəti administrasiyası gəmiyə səhər saat 7-də hücum edildiyini bildirib. İddialara görə, Berdyansk limanında daha iki gəmi zədələnib, 3 min ton yanacaq olan çən sıradan çıxıb, yanğın silah-sursat anbarına keçib.
Qurbanların sayı barədə məlumat verilmir. "Orsk" gəmisinin yaxınlığında hansı gəmilərə zərər dəydiyi də məlum deyil.
Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı bundan əvvəl “Orsk” gəmisindəki yükün Berdyanskda liman kranları ilə boşaldıldığı barədə məlumat vermişdi. Limanın mütəmadi olaraq Ukraynaya məxsus “Toçka-U” taktiki raketləri ilə hücuma məruz qaldığı iddia edilib.
Rusiyanın yaşayış məntəqələrini amansızcasına bombaladığı və mülki infrastrukturu məhv etdiyi yerlərə Mariupol və Sumi kimi şəhərlər də daxildir.
Ukraynanın qərbində yerləşən Lviv şəhəri hücuma məruz qalır. Böyük liman şəhəri Odesaya qarşı təhdidlər artır. Hətta Rusiyanın dəstəklədiyi Ukraynanın şərqindəki separatçı Donbas bölgəsində də humanitar ehtiyaclar daha da aktuallaşıb.