Accessibility links

ABŞ "xarici agentlər" haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstana qarşı ilk sanksiyaları tətbiq edib


ABŞ Gürcüstanda mətbuat azadlığına hücum kimi qiymətləndirilən mübahisəli "xarici agentlər" qanununun qəbulundan sonra Gürcüstan rəsmilərinə qarşı sanksiyaların ilk raundunu tətbiq edib.

Eyni zamanda Vaşinqton xəbərdarlıq edib ki, bu sanksiyalar paketinin ardınca yeniləri də gələ bilər.

"Bu gün... onlarla gürcüstanlı fiziki şəxsə viza məhdudiyyəti tətbiq etmək üçün tədbirlər görürük" – deyə, Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

"Bu, Gürcüstanda demokratiyanı sarsıdan, xüsusən də dinc toplaşma və birləşmək azadlığını pozan, dinc nümayişçilərə zorakı hücumlara, vətəndaş cəmiyyəti nümayəndələrinin qorxudulması və Gürcüstan hökumətinin göstərişi ilə qəsdən dezinformasiyanın yayılmasına görə məsuliyyət daşıyan şəxslərə aiddir", o izah edib.

Miller qeyd edib ki, sanksiyalar bu şəxslərin ailə üzvlərinə də şamil edilir.

Dövlət Departamentinin sözçüsü heç bir ad çəkməyib, lakin məhdudiyyətlərin "onlarla" insana təsir edəcəyini deyib.

Millerin sözlərinə görə, ilk viza məhdudiyyətləri "Gürcü arzusu" partiyasının üzvlərinə, parlament üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və başqa şəxslərə şamil olunacaq.

"Ümid edirik ki, Gürcüstan liderləri öz hərəkətlərini yenidən nəzərdən keçirəcək və ölkələrinin çoxillik demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Əgər etməsələr, ABŞ əlavə tədbirlər görməyə hazırdır" – deyə, Miller əlavə edib.

Miller deyib ki, Birləşmiş Ştatlar “Gürcü Arzusu”nun antidemokratik hərəkətləri və partiyanın son bəyanatları və ritorikasından dərin narahatdır.

"Bu hərəkətlər Gürcüstanın Avropa gələcəyinə zərər verə bilər və Gürcüstan Konstitusiyasına və onun xalqının istəklərinə ziddir", Dövlət Departamentinin sözçüsü bildirib.

O xatırladıb ki, ABŞ dövlət katibi Antoni Blinken bu yaxınlarda son hadisələr fonunda ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün aspektlərinin hərtərəfli nəzərdən keçirilməsini elan edib.

Miller açıq şəkildə bildirib ki, ABŞ-ın Gürcüstana maliyyə yardımı bundan sonra zərər çəkə bilər: "Deməliyəm ki, biz Gürcüstana maliyyə yardımını nəzərdən keçirməyə davam edəcəyik və bütün bunlar potensial olaraq risk altındadır" .

Forum

XS
SM
MD
LG