Accessibility links

Yel Universiteti: Minlərlə ukraynalı uşaq Belarusa zorla aparılıb


Yale Universitetinin cümə axşamı dərc etdiyi yeni araşdırmaya görə, Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən bəri 2400-dən çox ukraynalı uşaq Belarusa aparılıb.

Yel İctimai Sağlamlıq Məktəbinin Humanitar Tədqiqatlar Laboratoriyasının araşdırması Rusiyanın ukraynalı uşaqları Belarusa məcburi köçürməsindəki rolu ilə bağlı hələlik ən geniş araşdırmadır.

Hesabatda bildirilib ki, 6-17 yaş arası ukraynalı uşaq Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazisinin azı 17 şəhərindən aparılıb.

Yel 2022-ci ilin sentyabrından 2023-cü ilin mayına qədər Belarusun Minsk bölgəsindəki "Dubrava" uşaq mərkəzinə 2000-dən çox uşağın aparıldığını müəyyən edib. Hesabata görə, 390-dan çox uşaq digər 12 müəssisəyə aparılıb.

Kyivdəki Regional İnsan Haqları Mərkəzinin hüquq eksperti Katerina Raşevskayanın sözlərinə görə, bundan əlavə müharibə başlayandan bəri Ukraynadan Rusiyaya məcburi olaraq 20 minə yaxın ukraynalı uşaq aparılıb.

Ukraynanın müharibə cinayətləri üzrə prokurorları ukraynalı uşaqların məcburi köçürülməsini potensial soyqırım kimi araşdırır.

Bu arada, yerli rəsmilərin bildirdiyinə görə, cümə axşamı Rusiyanın Ukraynanın cənubundakı Xerson vilayətini atəşə tutması nəticəsində 2 nəfər ölüb, azı 12 nəfər yaralanıb.

Regionun qubernatoru Oleksandr Prokudin ölənlər arasında 75 yaşlı qadının da olduğunu və onun regionun ən böyük şəhəri olan Xersondakı mənzilində öldüyünü bildirib. O, Telegram mesajlaşma proqramında bildirib ki, 8 nəfər yaralanıb.

Həmçinin cümə axşamı Britaniyanın yüksək səviyyəli diplomatı Deyvid Kameron Odesa limanına səfər edərək, Ukrayna müharibəsinə davamlı dəstək vəd edib.

Kemeronun Ukraynaya səfəri Britaniyanın keçmiş baş nazirinin yeni xarici işlər naziri vəzifəsinə təyin olunmasından sonra xaricə ilk səfərdir.

Bu, həmçinin Britaniya diplomatının Rusiyanın Ukraynadakı müharibəsi zamanı Rusiyanın hava hücumlarının hədəfi olan liman şəhərinə ilk səfəridir.

Kameron bildirib ki, Britaniya Ukraynaya lazım olan hər cür dəstəyini davam edəcək. O, "hər şeydən əvvəl hərbi dəstəkdir və təkcə bu il və ya gələn il deyil, nə qədər uzun sürərsə" deyib.

Səfər Ukraynanın müharibədə əhəmiyyətli geriləmələrlə üzləşdiyi, diqqətin Yaxın Şərqdəki İsrail-HƏMAS müharibəsinə yönəldiyi, Avropa İttifaqının Ukraynanı vəd etdiyi silah-sursatla təmin edə bilmədiyi və ABŞ-da siyasi qarşıdurmaların Ukraynaya əlavə yardm təhlükə altına saldığı bir vaxta təsadüf edib.

Britaniya Ukraynaya ayırdığı 5,7 milyard dollarlıq hərbi yardımın ABŞ-dan sonra ikinci yerdə olduğunu və ölkənin 30 min Ukrayna əsgərinə təlim keçdiyini bildirib.

"Rusiya bu müharibəni uzada biləcəyini və Qərbin sonda diqqətini başqa yerə yönəldəcəyini düşünür. Bu, həqiqətdən çox uzaqdır. Yeni vəzifəmə gəldikdən sonra prezident [Volodimir] Zelenski ilə ilk müzakirələrimdə açıq şəkildə bildirdim ki, Britaniya və tərəfdaşlarımız qələbəyə nail olmaq üçün Ukraynanı və onun xalqını lazım olan müddət dəstəkləyəcək" - deyə, Kameron bildirib.

Forum

XS
SM
MD
LG