Hüquq-mühafizə orqanları və daxili təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, İsrail və HƏMAS arasında davam edən münaqişə ilə əlaqədar səngiməyən qəzəb və gərginlik Birləşmiş Ştatlarda tətil mövsümünə təsir göstərə və bu, potensial olaraq böyük ictimai toplantıları risk altına ata bilər.
Federal Təhqiqat Bürosu və Daxili Təhlükəsizlik Departamenti çərşənbə günü qarşıdakı həftələrdə bayram və ya dini tədbirlər və Yeni il şənlikləri ətrafında artan təhlükə barədə xəbərdarlıq edib.
Bəyanatda həmçinin etirazlar, nümayişlər və Konstitusiyaya birinci düzəliş altında qorunan tədbirlərə mümkün təhlükə barədə xəbərdarlıq yer alır.
“İsraillə HƏMAS arasında münaqişə ilə əlaqədar davam edən gərginliklər qış boyu tək hərəkət edən insanlar tərəfindən böyük ictimai toplantıları hədəf alan zorakılıq halları ilə bağlı təhlükəni artırır,” bəyanatda deyilir. “Bu hədəflər əlçatanlıqları və simvolik təbiətlərinə görə, çox güman ki, bir sıra ideologiyalardan ilham alan tək hərəkət edən insanlar üçün cəlbedicidir.”
Federal Təhqiqat Bürosu və Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, hücumun planlaşdırıldığına işarə edəcək spesifik və ya etibarlı kəşfiuyat məlumatı yoxdur, ancaq onlar xəbərdarlıq edib ki, oktyabrın 7-də HƏMAS-n İsrailə təxminən 1200 nəfərin ölümü və 240 nəfərin girov götürülməsi ilə nəticələnən hücumundan sonra “potensial nifrət cinayətləri və ya digər cinayət pozuntuları haqqında məlumatlarda artım” müşahidə olunur.
İsrailin hücuma cavab nəticəsində Qəzza zolağında təxminən 2m milyon fələstinli didərgin düşüb. HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi bildirir ki, 18 minə yaxın insan öldürülüb, onların əksəriyyəti isə qadın və uşaqlardır.
Federal Təhqiqat Bürosu və Daxili Təhlükəsizlik Departamentinin xəbərdarlığında deiyilir ki, münaqişədə hər hansı eskalasiya “zorakılıq təhlükəsini daha da gücləndirə bilər.”
Daxili Təhlükəsizlik Departamenti ötən həftə dini təşkilatlara, o cümlədən kilsələr, sinaqoqlar və məscidlərə təsislərini və yığıncaqlarını daha yaxşı mühafizə etmək üçün addımlar atmağa yardım etmək məqsədilə yeni göstəriş verib.
Elə həmin gün Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey ABŞ qanunvericilərinə deyib ki, büroda nifrət cinayətləri ilə bağlı işlərin sayı oktyabr ayından bəri 60 faiz artıb, və bu cinayətlərin əksəriyyətində hədəf yəhudi icması olub.
Forum