Accessibility links

Tillerson Rusiyanın dünya səhnəsində hərəkətləri ilə bağlı narahatlığını bildirib [Video]


ExxonMobil şirkətinin Rusiya ilə biznes əlaqələri
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Paytaxt Vaşinqtonda yeni prezidentin inaqurasiya mərasiminə hazırlıqlar getdiyi zaman, Konqresdə prezident seçilmiş Donald Trampın kabinetinə nominasiya etdiyi namizədlərin təsdiqi ilə bağlı dinləmələr keçirilir. Dövlət katibi vəzifəsinə nominasiya edilmiş Reks Tillersonla bağlı dinləmə xüsusi diqqət mərkəzində olub. ExxonMobil nəhəng enerji şirkətinin baş icraçı direktoru olduğu müddətdə Tillerson Rusiya ilə razılaşmalar əldə edərək, prezidenti Vladimir Putinlə dostluq münasibətləri qurub. ABŞ-ın tətbiqi etdiyi sanksiyalar bu razılaşmalarının əsas hissəsinin dondurulmasına səbəb olmuşdu. Tillerson dinləmələr zamanı Rusiyanın dünya səhnəsində hərəkətləri ilə bağlı narahatlığını dilə gətirib.

ABŞ prezidenti seçilmiş Donald Tramp Exxon Mobil şirkətinin icraçı direktoru Reks Tillersonu razılaşma əldə etmək qabiliyyətinə görə Dövlət katibi vəzifəsinə nominasiya etdiyini deyib.

Prezident seçilmiş Donald Tramp: “Reks dövrümüzün ən böyük və qabiliyyətli biznes liderlərindən biridir. O, neft sənayesi və hər hansı bir sənaye sahəsində ən yaxşı sövdələşmələrdən bəzilərini əldə edib. O, böyük diplomatdır.”

Reks dövrümüzün ən böyük və qabiliyyətli biznes liderlərindən biridir. O, neft sənayesi və hər hansı bir sənaye sahəsində ən yaxşı sövdələşmələrdən bəzilərini əldə edib. O, böyük diplomatdır.
Donald Tramp

Tillerson diplomat kimi xüsusi təcrübəyə malik deyil, lakin o, 1990-cı illərdə Exxon şirkətinin icraçı direktoru kimi Rusiya rəsmiləri ilə işləyib və Vladimir Putini o vaxtlardan tanıyır.

Reks Tillerson:“Mən Putini 1999-cu ildən tanıyıram və onunla çox yaxın münasibətlərim olub.”

Tillersonun 2006-cı ildə Exxon şirkətinin baş icraçı direktoru olmasından sonra onun Rusiya ilə münasibətləri daha da genişlənib.

Moskva ilə ən böyük sövdələşmə 2011-ci ildə Rusiyanın Rosneft enerji şirkəti ilə strateji əməkdaşlığa dair razılıqdan sonra əldə edilib.

Bundan bir il sonra Tillerson Rusiyanın Arktika regionunda birgə neft istismarı layihəsini də əhatə edən razılığı imzalamaq üçün Moskvada Putinlə görüşüb.

Reks Tillerson: ”Cənab baş nazir və yeni prezident, səmimi görüşə görə təşəkkür edirəm. Bu ExxonMobil və Rosneft üçün tarixi bir gündür.”

Mən Putini 1999-cu ildən tanıyıram və onunla çox yaxın münasibətlərim olub.
Reks Tillerson

Putin razılığın uğuruna inandığını deyib və 2013-cü ildə Tellersonu ölkənin xarici vətəndaşlara verilən ən yüksək mükafatlarından biri olan “Dostluq ordeni” ilə təltif edib.

Lakin Obama administrasiyasının 2014-cü ildə atdığı addım çiçəklənən biznes əlaqələrinin kəsilməsinə səbəb olub.

Bu, ABŞ-ın Rusiyaya qarşı Ukraynanın Krım yarımadasını işğal etməsi və Ukraynanın şərqində hərbi müdaxilə ilə əlaqədar sanksiyalar tətbiq etdiyi zaman baş verib.

Exxon sanksiyalara riayət edib və Rosneftlə əməkdaşlığı məhdudlaşdırıb.

Tillerson sanksiyaları qeyri-effektiv addım kimi tənqid edib və Exxon şirkətinin bundan 1 milyard dollara qədər zərər çəkdiyini deyib.

Exxon ABŞ qanunvericilərinin Amerikanın növbəti liderinin sanksiyaları ləğv etməsinə nail ola bilməsi üçün lobbiçilik aparıb. Bu, Exxon-la Rusiya arasında sövdələşmə nəticəsində milyardlarla dollar axınına imkan yarada bilər.

Rusiyanın Xəzər dənizi sahilindəki regionu Exxon-un ABŞ-dan xaricdə enerji istismarının əsas beş mənbəyindən biridir.

Şirkətin fəaliyyət göstərdiyi digər regionlar və ölkələr Yaxın Şərq, Nigeriya, Anqola və Norveçdir.

XS
SM
MD
LG