ABŞ dövlət katibi Reks Tillerson Dehiyə səfəri zamanı Birləşmiş Ştatların Hindistanla strateji əlaqələrin möhkəmləndirilməsinə sadiq qaldığını bəyan edib. Amerikanın baş diplomatı Hindistanın baş naziri Narendra Modi də daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüşüb. Tillersonun səfəri ABŞ və Hindistan arasında müttəfiq əlaqələrinin güclənməsinə işarə kimi qiymətləndirilir.
ABŞ dövlət katibi və Hindistanın xarici işlər naziri Suşma Svaraj arasında danışıqlar zamanı terrorizmə qarşı mübarizə və Hindistanın Əfqanıstandakı proseslərə köməyi kimi məsələlər müzakirə edilib. Tillerson Dehliyə Kabil və İslamabaddan sonra səfər edib.
Hİndistanın xarici işlər naziri bildirib ki, baş nazir Narendra Modi Tillersonla görüş zamanı ikitərəfli münasibətlərin artan xətlə inkişafını alqışlayır. O deyib ki, hər iki ölkə terrorizmin kökünün kəsilməsi və terrorçuların infrastrukturunun məhv edilməsi ilə yanaşı Əfqanıstanda sülhün və sabitliyin bərqərar edilməsi kimi məqsədlərə malikdir.
Görüşlə bağlı verilmiş bəyanatda qeyd edilir ki, hər iki lider Hindistan və ABŞ arasında tərəfdaşlığın gücləndirilməsinin bu ölkələrin mənafeyinə xidmət etməklə yanaşı, eyni zamanda, regional və qlobal sabitlik və tərəqqi perspektviləri üçün əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini bildiriblər.
Danışıqlardan sonra mətbuat konfransı zamanı Tillerson Birləşmiş Ştatların qlobal terrorizmə qarşı Hindistanla çiyin-çiyinə dayanmaqda davam edəcəyini bildirib.
Tillerson Cənubi Asiya regionuna Tramp administrasiyasının bölgə ilə bağlı yeni strategiyasını açıqlamasından sonra edir. Yeni strategiyada Hindistanın Əfqanıstanda iqtisadi sabitlik prosesində daha geniş rol oynaması və Pakistanın Əfqanıstanda qərargahlaşan militant qruplara qarşı daha artıq fəaliyyət göstərməsi nəzərdə tutulur.