Accessibility links

Reks Tillerson ABŞ-ın liderlik etdiyi koalisiyanın üzvləri ilə toplantı keçirəcək


Dövlət katibi Reks Tillerson 2014-cü ildən bəri ilk dəfə ABŞ-ın liderlik etdiyi koalisiyanın İslam Dövləti qrupu ilə mübarizə aparan 68 ölkə və beynəlxalq təşkilatın xarici işlər nazirləri və yüksək vəzifəli şəxslərin iştirak etdiyi yığıncağa ev sahibliyi edəcək.

Dövlət Departamenti çərşənbə günü keçiriləcək yığıncağın məqsədinin İraq və Suriyanın bəzi bölgələrində İslam Dövlətini qrupunun qalıqlarını məğlub etmək, qrupun filialları və şəbəkələrinə qarşı beynəlxalq səylərin gücləndirilməsindən ibarət olduğunu bildirib.

ABŞ-ın yeni dövlət katibi Tillersonun Vaşinqtonda ev sahibliyi etdiyi bu ən böyük konfransda İslam Dövləti qrupuna qarşı mübarizə, İraq və Suriyada stabillik məsələləri diqqət mərkəzində olacaq.

İslam Dövlətini məğlub etmək üçün onun yeni fikirləri və yeni yanaşmaları var

Dövlət Departamentinin sözçüsü Mark Tonerin bildirdiyinə görə, koalisiya əhəmiyyətli irəliləyişlər əldə edib, lakin hələ də görməli çox iş var. “İlk növbədə bu, yeni administrasiya üçün görülən işlərə qiymət vermək və qarşıda nələr ediləcəyini anlamaq üçün bir imkandır. Mən dövlət katibinin yerinə danışmaq istəmirəm, lakin ümid edirəm ki, İslam Dövlətini məğlub etmək üçün onun yeni fikirləri və yeni yanaşmaları var.”

Brukinqs institutundan təhlilçi Maykl Ohanlonun fikrincə bu konfrans Tillersona Birləşmiş Ştatların müttəfiqləri ilə üz-üzə görüşmək imkanı verəcək. “Orada yeni siyasi fikirlər ortaya çıxarsa, lap yaxşı, amma bunların olması indi vacib deyil. Yəni ilk iclasda bu vacib deyil, əsas insanların bir-birini tanımasıdır. Həm Reks Tillerson, həm də Donald Tramp xarici siyasət və milli təhlükəsizlik sahəsində o qədər də tanınmış şəxsiyyətlər deyil.”

Maykl Ohanlon koalisiya partnyorlarının müzakirə edəcəyi çox ciddi məsələlərin olacağını deyir. “Türkiyəyə gəldikdə, onlar milyonlarla qaçqını qıəbul edib və onlar üçün Suriya müharibəsinin sonu yoxdur. Qərbi avropalılar döyüşmək üçün terrorçu düşərgələrinə gedən, sonra isə öz geri dönərək terror hücumu həyata keçirmək istəyən İŞİD döyüşçülərindən narahatdır. Belə görünür ki, hamı narahatdır, çünki biz bu kampaniyda hələ keçid mərhələsindəyik.”

Prezident Tramp prezident Barak Obamanı İslam Dövləti qrupu ilə mübarizədə zəif olduğunu deyərək, tənqid etmişdi. Buna görə də təhlilçilər yeni administrasiyanın bu mübarizədə hansı yeni addımlar atacağını gözləyir.

XS
SM
MD
LG