Accessibility links

ABŞ dövlət katibi gözlənilməz səfərlə Əfqanıstanın paytaxtı Kabildədir


ABŞ dövlət katibi Reks Tillerson gözlənilməz səfərlə Əfqanıstanın paytaxtı Kabildədir.

Bu səfər Qərbin dəstəyi ilə Əfqanıstan hökumətinin yaraqlılarla mübarizə apardığı bir vaxtda baş verir. 2014-cü ildə NATO-nun bütün qüvvələri bu ölkədən çıxıb.

"ABŞ Əfqanıstanın suverenliyi, birliyi və demokratiyasına dəstəyinə aydınlıq gətirib. Bu, o ölkənin sülh və sabitliyi, firavanlığı yolunda atılan bir addımdır" -deyə dövlət katibi bildirib.

Tillerson Ər-Riyadda Səudiyyə Ərəbistanı-İraq Koordinasiya Komitəsinin ilk iclasında iştirak edib. ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı kralı Salmana və İraqın baş naziri Heydər Əl-Abadiyə deyib ki, ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının böyük potensialı var. O, avqust ayında iki ölkə arasında əsas sərhəd keçidinin açılmasını və Bağdad və Ər-Riyad arasında birbaşa uçuşların bərpasını xüsusi qeyd edib.

İraqda ikən ABŞ-ın baş diplomatı deyib ki, Birləşmiş Ştatlar “bu inkişafa görə minnətdardır və regionda sabitlik naminə bu münasibətlərin genişləndirilməsinə çağırır”. “Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı və İraq arasında əməkdaşlığın davam etdirilməsinə dəstəyə hazır vəziyyətdədir və biz sizi təbrik edirik”, Tillerson bildirib.

Prezident Donald Tramp administrasiyası bu yaxınlarda yaraqlıların məğlub edilməsiylə bağlı strategiya açıqlayıb.

Əfqanıstanda hazırda 11 min ABŞ əsgəri var, onlara əlavə olaraq 3 min əsgər də göndərilir.

Tillerson altı günlük səfər çərçivəsində Səudiyyə Ərəbistanı və Qətərdə olub, Pakistan və Hindistana da səfər edəcək.

XS
SM
MD
LG