ABŞ dövlət katibi Reks Tillerson Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya gəlib. ABŞ-ın baş diplomatının Rusiyaya ilk səfəri zamanı müzakirələrin diqqət mərkəzində Suriyada vəziyyət olacaq.
Tillerson Moskvaya İtaliyada Lukka şəhərində Böyük 7-lərin xarici işlər nazirlərinin zirvə görüşündə iştirak etdikdən sonra səfər edir. Xarici işlər nazirləri sammitdə Rusiya və Suriyanın hərbi rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı razılıq əldə edə bilməyib. Onlar Suriyada keçən həftə mülki əhaliyə qarşı kimyəvi silahlardan kimin istifadə etdiyini təsdiq etmək üçün ilk növbədə təhqiqatın aparılması ilə bağlı müzakirələr aparıb.
"Biz bunun bir daha baş verməsinə imkan verə bilmərik. Biz Suriya xalqının əziyyətlərini yüngüllşdirmək istəyirik. Rusiya bu gələcəyin bir hissəsi ola bilər və mühüm rol oynaya bilər. Ya da Rusiya bu qrupla müttəfiqliyini davam etdirə bilər. Biz bunun Rusiyanın uzunmüddətli maraqlarına xidmət etmədiyini hesab edirik"-deyə Tillerson Moskvaya yol düşməzdən əvvəl müxbirlərə bildirib.
Kimyəvi hücum dünya ictimaiyyətinin kəskin qınağına səbəb olub. Birləşmiş Ştatların Suriyada aviabazaya raket hücumu isə Tramp administrasiyasının yeddi ildir sürən münaqişə ilə bağlı fərqli yanaşma nümayiş etdirdiyini göstərib.
ABŞ prezidenti Donald Tramp və Britaniyanın baş naziri Teresa Mey kimyəvi hücumdan sonra Rusiyanı Əsəd rejiminə dəstəkdən çəkindirmək üçün sanksiyalar vasitəsilə təzyiqlər göstərilməsilə bağlı razılıq əldə edib. Lakin Böyük 7-lərdə lider mövqeyində olan Almaniya və İtaliya buna razı olmayıb. İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib ki, Rusiya prezidenti Vladimir Putin "küncə sıxışdırılmamalıdır".
Rusiya bu gələcəyin bir hissəsi ola bilər və mühüm rol oynaya bilər. Ya da Rusiya bu qrupla müttəfiqliyini davam etdirə bilər. Biz bunun Rusiyanın uzunmüddətli maraqlarına xidmət etmədiyini hesab edirikReks Tillerson
Vladimir Putin öz növbəsində, keçən həftə kimyəvi hücumla bağlı BMT-nin təhqiqatına çağırıb. O, detallara varmayaraq deyib ki, Rusiya Suriya hökumətinin sonradan günahlandırılması üçün kimyəvi silahlardan istifadə edilməklə "planlaşdırılmış təhriklər"ə dair kəşfiyyat məlumatları əldə edib.
Böyük 7-lərin qərarı sanksiyalar perspektivinin zəif olduğunu göstərir. Təhqiqatın aparılması uzun və mürəkkəb bir prosesdir. Bunun üçün BMT-nin qətnaməsi və Əsəd hökumətinin silah müfəttişlərinin rejimin nəarətində olan ərazilərə getməsinə icazə verməsi üçün razılığına ehtiyac var.