Accessibility links

Reks Tillerson Yaxın Şərqə səfər edəcək


ABŞ dövlət katibi Reks Tillerson Yaxın Şərqə səfər edəcək. Səfər Suriyada vəziyyətin kəskinləşdiyi bir vaxta təsadüf edir.

Dövlət Departamentinin bildirdiyinə görə, Tillerson 11-16 fevral tarixlərində İordaniya, Türkiyə, Livan, Misir və Küveytdə olacaq.

Tillersonun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Küveytdə İslam Dövləti qruplaşmasını məğlub etməyi hədəfləyən qlobal koalisiyanın nazirlər iclasına və İraqın Bərpası Konfransına qatılacaq.

ABŞ dövlət katibinin region liderləri ilə danışıqlarında Suriyada yeddi ildir gedən vətəndaş müharibəsinin əsas müzakirə mövzusu olacağı bildirilir.

BMT-nin Təhlükəsizlik Şurası BMT humanitar rəsmilərinin Suriyada bir aylıq humanitar atəşkəs elan olunmasıyla bağlı müraciətini rədd edib.

Bu arada Birləşmiş Ştatlar Suriya hökumətini və Rusiyanı üsyançıların əlində olan ərazilərə hücumları dayandırmağa çağırıb.

Rusiya ABŞ-ın dəstəklədiyi atəşkəs çağırışına qarşı çıxıb, onu qeyri-real adlandırıb.

Bu çağırışdan öncə ABŞ koalisiyası Suriyaya hava və quru hücumları gerçəkləşdirib, 100-dən çox hökumət döyüşçüsünün öldürüldüyü bildirilib. Koalisiya bunu həmin qüvvələrin ABŞ-ın müttəfiqi olan Suriya Demokratik Qüvvələrinə (SDF) “səbəbsiz hücumu” ilə izah edib.

XS
SM
MD
LG