ABŞ dövlət katibi Reks Tillersonun bir ildən sonra vəzifəsindən azad edilməsi böyük təəccüblə qarşılanmasa da, bunun hansı şəkildə edilməsi suallar yaradıb. ABŞ prezidenti Donald Tramp və ölkənin baş diplomatının xarici siyasət sahəsində bir sıra məsələlərdə baxışları üst-üstə düşmürdü və prezident artıq bir neçə müşavirini vəzifəsindən azad edib. Lakin Tillersonun vəzifəsindən kənarlaşdırılmasını sosial mediadan öyrənməsi çoxlarını təəccübləndirib.
Siyasi şəhrçilər dövlət katibinin Rusiyanın keçmiş casusunun Britaniyada zəhərləndirilməsinə görə Moskvanın məsuliyyət daşıdığını deməsindən bir neçə saat sonra vəzifəsindən kənarlaşdırıldığını qeyd edib. Tramp bu məsələyə toxunmayıb. Tillerson isə Dövlət Departamentində vida niqində Rusiyaya mesajını səsləndirib.
“Rusiya öz hərəkətlərini rus xalqının maraqları və bütövlükdə dünyanın maraqlarına hansı şəkildə cavab verdiyi müstəvisindən qiymətləndirməlidir. Hazırkı istiqamətin davam etdirilməsi onların daha da çox təcrid olunmasına gətirib çıxara bilər-bu isə onların marağında olan bir vəziyyət deyil.”
Tramp Tillersonu Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Mayk Pompeo ilə əvəz etmək qərarı verib. Tillersonun işdən kənarlaşdırdığı keçmiş yüksək səviyyəli ABŞ diplomatı Tom Kantrimen Amerikanın Səsinə deyib ki, Pompeo Rusiyanın ABŞ-ın siyasi proseslərinə müdaxiləsi ilə bağlı geniş məlumata malikdir.
“Mən ümid edirəm ki, o, prezidenti təkcə problemin mövcud olduğunu etiraf etmək deyil, həm də ilk dəfə olaraq onu ABŞ demokratiyasını bu gizli əməliyyatlardan müdafiə etmək üçün nəsə etməyə razı sala biləcək.”
Siyasi təhlilçilər Pompeonun hərbi təhsilə malik olmasını və Trampın hərbi nümayəndələrlə yaxşı işləyə bildiyini qeyd edir.
Ariyel Kohen-Atlantika Şurası: “Siz Pentaqona və kəşfiyyata daha yaxın olan daha etibarlı, daha trampsayağı, daha geniş imkanların olduğu, daha geniş xarici siyasətin yürüdüləcəyinin şahidi olacaqsınız. Keçmiş konqresmen olan Pompeonun qərəzli respublikaçı olduğunu deyən tənqidçilər də olacaq.”
Dövlət Departamentində kadr dəyişiklikləri Trampın may ayında Şimali Koreya lideri Kim Conq Unla Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair mümkün görüşündən əvvələ təsadüf edir. May ayı həm də Trampın İranla nüvə razılaşmasını ləğv etmək istədiyi vaxtdır.
Tom Kantrimen: “İki məsələ bir araya sığmır. Dünyada Şimali Koreya ilə danışıqlarda sizin imkanlarınızı artıracaq bir razılığın hazırlanması üçün heç bir imkan yoxdur. Əksinə, Şimali Koreya lideri özünə sual verəcək ki, “əvvəlki bütün razılaşmaları pozacaq bir prezidentlə hər hansı bir razılığı necə imzalaya bilərəm”.
Kantrimen prezidentdən Şimali Koreya ilə nüvəsizləşdirilməyə dair əhatəli razılığın əldə olunacağına tam əmin olmadığı halda üzərinə götürdüyü riskə görə razılığını ifadə edir. Bəzi təhlilçilər isə deyir ki, razılığın əldə olunmasına ümidin az olduğu halda sammitin keçirilməsinə ehtiyac yoxdur.