Accessibility links

Prokurorluq Tofiq Yaqubluya xəbərdarlıq edib


Tofiq Yaqublu (Foto Ülvi Həsənlinindir)
Tofiq Yaqublu (Foto Ülvi Həsənlinindir)

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilib.

Baş Prokurorluğuin məlumatında deyilir ki, Tofiq Yaqublu 20 mart 2016-cı ildən etibarən “facebook” sosial şəbəkəsində mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin ünvanına böhtan xarakterli statuslar yazmaqla, kütləvi informasiya vasitələrinə müsahibəsində Azərbaycanda guya mövcud olan siyasi məhbus probleminin arxasında hakim dairələrin durması barədə həqiqəti təhrif edən məlumatlar bildirib.

“Bundan başqa, o, kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə dini radikallıq mövzusuna toxunaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şiə və vəhabi təriqətinə etiqad edən məhkumlar arasında gərgin münasibətlərin olduğu, vəhabilərin həbsxanadan buraxılacağı təqdirdə dinc insanlara qarşı terror aktları törədəcəkləri barədə fikirlər söyləyib. T.Yaqublunun hərəkətləri ölkənin hüquq mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, cəza siyasətinin həyata keçirilməsi, dini nifrət və düşmənçiliyin salınmasının qarşısının alınması və digər sahələrdə görülən işlərə kölgə salmaq məqsədinə xidmət edir”.

Göstərilənlərlə əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilərək onunla müvafiq söhbət aparılıb.

Mətbuat xidmətinin məlumatında deyilir ki, Yaqublu söhbət zamanı öz növbəsində KİV-lərdə fikirlərinin təhrif olunduğunu bildirib.

T.Yaqubluya milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədilməsi əməllərinə görə Cinayət Məcəlləsinin 283-cü maddəsində cinayət məsuliyyətinin nəzərdə tutulması izah edilməklə, “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq qaydada gələcəkdə qərəzli, reallığa uyğun olmayan, habelə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Öz növbəsində Tofiq Yaqublu bastainfo.com saytına bildirib ki, görüşdə baş prokurorun müavini Rüstəm Usubov və iki başqa prokuror iştirak edib.

“Mənimlə çox mədəni davrandılar, amma dedilər ki, görürük sən hələ ağıllanmamısan. Dedilər ki, İlham Əliyev sənə yaxşılıq edib həbsdən azad edib, sənsə onun haqqında doğru olmayan sözlər deyirsən. Onlara bildirdim qəti belə şey yoxdur. Dedim ki, mənim azad olunmağımla bağlı Avropa Məkəməsinin də qərarı var idi. Dedim ki, İlham Əliyev zəhmət çəkib mənim günahsız tutulmağımla bağlı qərar verənləri cəzalandırsın, o halda mən onun haqqında xoş sözlər danışacam. Dedilər ki, bu vəziyyət davam etsə prokurorluq barəmdə ölçü götürəcək. Mənə xəbərdarlığa qol çəkdirdilər. Amma mən sənədi əlavə şərh yazmaqla imzaladım. Yazdım ki, mən bu sənədlə tanış olmuşam”.

“Mənə həmçininn “Yeni Müsavata” verdiyim müsahibəyə görə irad bildirdilər, dedilər ki güya mən dini ədavətə çağırış eləmişəm. Cavab verdim ki, əksinə mən həm o müsahibədə, həm başqa çıxışlarımda həmişə demişəm ki, dini ədavətə yol vermək olmaz”, Yaqublu qeyd edib.

Xatırladaq ki, T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş qarşıdurma hadisələrilə bağlı həbs edilib. Ona qarşı iqtişaşları təşkil etmə və qanunsuz aksiyalarda iştirak ittihamları irəli sürülüb. Şəki şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.2016-cı il martın 17-də əfv fərmanı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG