Accessibility links

Yaponiyanın Tibb Qrupu Tokio Olimpiadasının ləğvinə çağırır


Tokio Olimpiya Oyunlarının açılış mərasiminə üç aydan bir qədər az bir müddət qaldığı halda, Yaponiyanın əsas tibb assosiasiyası yeni COVID-19 infeksiyalarının artması səbəbindən tədbirin ləğv edilməsinə çağırır.

Tokio Tibb Təcrübəçiləri Birliyi Baş nazir Yoşihide Suqaya bazar ertəsi açıq məktub göndərərək Yaponiyanın paytaxt şəhərindəki xəstəxanaların “dolu olduğunu və demək olar ki, heç bir ehtiyat gücünün qalmadığına” dair xəbərdarlıq edib.

Təxminən 6000 ilkin tibbi yardım həkimi və xəstəxananı təmsil edən qrup Suqanı Beynəlxalq Olimpiya Komitəsini oyunların keçirilməsinin “çətin” olacağına və bunun dayandırılması lazım olduğuna inandırmağa çağırıb.

Mövcud yoluxma artımı rəsmiləri Tokioda və digər bir çox əyalətdə fövqəladə vəziyyət elan etməyə məcbur edib və bu da pandemiya səbəbindən bir il gecikmədən sonra 23 iyul tarixində başlamalı olan Olimpiadanın ləğv edilməsi üçün geniş ictimaiyyət arasında tələbin artmasına səbəb olub.

Mayın 17-də “Asahi Şimbun” qəzetinin dərc etdiyi ictimai rəy sorğusu, yaponların 80%-dən çoxunun oyunların əleyhinə olduğunu, 43%-nin oyunların ləğvini və digər 40%-nin yenidən təxirə salınmasını istədiyini göstərib.

Onların yalnız 14% -i oyunların təyin olunduğu kimi davam etməsini istəyir.

Epidemiya 2021-ci ilin ilk üç ayında Yaponiya iqtisadiyyatının 5,1% azalmasına səbəb olub.

Bu arada, Tayvanda səhiyyə işçiləri çərşənbə axşamı yeni koronavirus infeksiyalarının artması səbəbindən adadakı bütün məktəbləri və təhsil mərkəzlərini bağlayacaqlarını açıqlayıb. Bütün uşaq bağçalarını da əhatə edən qapanmalar çərşənbə günü qüvvəyə minir və mayın 28-nə qədər davam edəcək.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatlarına görə, öz idarəçiliyi olan adada yalnız 2017 ümumi yoluxma halı və 12 ölüm halı qeydə alınıb və bu, koronavirusun yayılmasına qarşı mübarizədə ən uğurlu hal kimi qəbul edilir.

XS
SM
MD
LG