Accessibility links

Olimpiya Oyunları başlayandan bəri Yaponiyada koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur


Tokio Olimpiadasının başlamasından bir neçə gün sonra Yaponiyada koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunmağa başlayıb. Cümə axşamı ölkədə ilk dəfə gündəlik 15 000-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Səhiyyə üzrə mütəxəssislər rəsmilərin "son dərəcə ağır" olduğu barədə xəbərdarlıq etdiyi yoluxmalara Olimpiya Oyunlarının səbəb olub-olmadığını müzakirə edir.

Oyunlar başladığı gündən bəri Yaponiyada yoluxmalar azı yeddi dəfə artaraq, rekord həddə çatıb. İnfeksiyaların əksəriyyəti on minlərlə Olimpiya idmançısının, məmurun və digər qonaqlara toplaşdığı Tokioda və ətrafında baş verib. Rəsmilər hazırda bunun yalnız Tokionun problemi olmadığını deyir.

"Yeni infeksiyaların sayı bütün ölkə boyu görünməmiş dərəcədə artıb" - deyə, koronavirus tədbirlərindən məsul olan hökumət naziri Yasutoşi Nişimura cümə axşamı mütəxəssislərlə görüşü zamanı bildirib.

O, "Vəziyyət son dərəcə ağırdır" deyib və əlavə edib ki, infeksiya indi mağazalar, bərbərxanalar və özəl məktəblər kimi yerlərdə yayılır.

Olimpiya Oyunlarının təşkilatçıları oyunlar ilə yoluxmaların artması arasında heç bir əlaqənin olmadığını israr edir. İndiyə qədər Olimpiada ilə əlaqəli olan yalnız 353 şəxsin testi müsbət çıxıb. Olimpiada heyətinin əksəriyyəti peyvənd olunub və onların ictimaiyyətlə əlaqələri məhdudlaşdırılıb.

Yaponiyanın bir çox səhiyyə mütəxəssisi bu qiymətləndirməyə o qədər də əmin deyil. Onların dediyinə görə, əsas məsələ Olimpiadanın məhdudiyyətlərlə keçirilməsi deyil, insanlara qarışıq mesajlar göndərən və ictimaiyyətin sayıqlığını zəiflədən Olimpiadanın özünün mövcudluğudur.

Yaponiya rəsmiləri həftələrdir demək olar ki, bütün tədbirlərə qadağa qoyulduğu üçün sakinləri evdə qalmağı və oyunları televiziya ilə izləməyi tövsiyə edib, azarkeşlərin oyunları canlı izləməsi isə qadağan olunub.

XS
SM
MD
LG