Accessibility links

Blinken FIFA-nın Dünya Kubokunda qol sarğısı ilə bağlı qərarını tənqid edib


Amerikanın baş diplomatı FIFA-nın Dünya Kubokunda oyunçuları inklüzivliyi və müxtəlifliyi dəstəkləyən qol sarğıları taxdıqları təqdirdə sarı vərəqə ilə hədələmək qərarını tənqid edib.

Qətərli həmkarı ilə birgə mətbuat konfransında danışan ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, "biz ifadə azadlığına hər hansı məhdudiyyət gördükdə...bu, həmişə narahat edir".

"Bu, xüsusilə də müxtəliflik üçün və inklüzivlik məsələsinə gəldikdə doğrudur. Və mənim fikrimcə, heç olmasa futbol sahəsində heç kim bu dəyərləri dəstəkləmək və öz komandasında oynamaq arasında seçim etmək məcburiyyətində qalmamalıdır" – deyə, Blinken Dohada Diplomatik Klubda bildirib.

FİFA Blinkenin açıqlamaları ilə bağlı şərh haqda müraciətə dərhal cavab verməyib.

"Bir Sevgi" ("One Love")kampaniyasına dəstək üçün qollarına sarğı taxan ilk oyunçuların bazar ertəsi meydançaya çıxmasına bir neçə saat qalmış futbolun idarəedici orqanı onlara dərhal sarı vərəqə göstəriləcəkləri barədə xəbərdarlıq edib. Bunlardan ikisi oyunçunun həmin oyundan qovulması və sonrakı oyuna buraxılmaması ilə nəticələnir.

Bazar ertəsi heç bir oyunçu Avropanın yeddi komandasının turnirdən əvvəl onları taxmağı planlaşdırdıqlarını bildirməsinə baxmayaraq ,"Bir Sevgi" sarğılarını taxmayıb. İngiltərə millisinin futbolçusu Harri Keyn İranla matçda kompromis kimi təklif edilən FİFA tərəfindən təsdiqlənmiş "Ayrı-seçkiliyə yol verilmir" yazılı sarğı taxıb.

Blinken Qətərə bazar ertəsi gəlib və burada dünya çempionatına həsr olunmuş gənclər arasında futbol proqramına qatılıb. Daha sonra o, bazar ertəsi gecə ABŞ-ın Uelslə oyununu izləyib.

Blinken FİFA-nı açıq şəkildə tənqid etsə də, Qətərlə daha təmkinli mövqe nümayiş etdirib. Enerji ehtiyatları ilə zəngin olan bu Yaxın Şərq ölkəsi turnirdən əvvəl miqrant işçilərlə rəftarına və gey və lezbiyanlar arasında cinsi əlaqənin kriminallaşdırılmasına görə tənqid edilib.

"Biz bilirik ki, işçilər, o cümlədən bir çox miqrant işçilər olmasaydı, bu Dünya Kuboku sadəcə mümkün olmazdı," Blinken bildirib. "Qətər son illərdə işçi hüquqlarını genişləndirmək üçün əmək qanunlarında əhəmiyyətli addımlar atıb," o əlavə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG