Accessibility links

Traktor futbol komandası İran premyer liqasında qalmaq üçün mücadilə edir


Traktor komandası məşq edir
Traktor komandası məşq edir

İran Azərbaycanında və Asiyada populyar Traktor futbol komandası İranın premyer liqasında qalmaq üçün mücadilə edir.

Rəsmi dövlət xəbər agentliyi İRNA-nın bu barədə yaydığı məlumata əsasən, Traktor komandası bu dönəm İran premyer liqasına gəldiyi zamandan bəri ən pis vəziyyətini yaşamaqdadır. Preymer liqasından qalan son 7 oyun Traktorun bu liqada qalıb-qalmayacağını müəyyən edəcək.

Traktor komandası 13 matçda heç bir qələbə qazanmayıb və hazırda 17 xal ilə İranın 16 komandadan ibarət premyer liqasında 13-cü yer alıb.

İndiyədək İranın premyer liqasında 23 tur oynanılıb və Traktorun qarşıda yeddi matçı var. Bu yeddi oyunun dördü Təbrizdə, üçü isə Təbrizdən kənarda keçiriləcək. Ehtimallara görə, Traktor ikinci liqaya düşməmək üçün evdəki oyunlarından 12 xal qazanmalıdır.

İSNA xəbər agentliyinin yaydığı bir məlumata görə, yalnış idarəetmə və komandanın sahibi olan Məhəmmədrza Zunuzinin qeyri-peşəkar davranışı klubun bu vəziyyətdə olmasında ən əsas səbəblərindəndir.

Bu liqanın başladığı gündən etibarən Traktorun baş məşqçisi 6 dəfə dəyişilib. Hazırda Türkiyəli məşqçi Ertuğrul Sağlam Trakorun baş məşqçisidir.

Traktor komandasının tərəfdarları klubun sahibi Məhəmmədrza Zunuzinin idarəetmə qaydalarına etiraz edərək bir neçə dəfə mitinq keçiriblər.

Komandaya oyunçu və baş məşqçi seçimləri və yaranan borclar və şikayətlərdən dolayı klubun xarici oyunçu transferinə qadağa qoyulması kimi problemlər komandanı böhranlı vəziyyətə salıb.

Traktor komandasının problemləri, tərəfdarların hazırkı vəziyyətə etirazları və keçirdikləri fərqli mitinqlər nəticəsində millət vəkilləri və Şərqi Azərbaycan vilayətinin rəsmiləri bu məsələlərə müdaxilə ediblər. Klubun sahibinin dəyişilməsi və digər problemlərin çözülməsi rəsmilər və millət vəkillərinin verdiyi vədlərdəndir ki, indiyə qədər bu vədlərin heç biri yerinə yetirilməyib.

XS
SM
MD
LG