Rumıniya və Niderlandın müdafiə nazirləri noyabrın 13-də Buxarestdən təxminən 150 kilometr şərqdə F-16 pilotları üçün təlim mərkəzi açıb. Ukraynalı pilotlar bu mərkəzdə Amerika istehsalı olan qırıcıları idarə etməyi öyrənəcək.
Ukrayna Rusiyanın hava qüvvələrinin üstünlüyü qarşısında özünün əks-hücumunda istifadə etdiyi Sovet dövründən qalma MiQ təyyarələrindən ibarət hərbi hava donanmasını gücləndirmək üçün müttəfiqlərindən uzun müddətdir F-16ə təyyarələri istəyir.
"Biz ukraynalı pilotların ən qısa zamanda inteqrasiyası və təliminə başlamaq üçün ən səmərəli yolları axtarırıq", Rumıniya müdafiə naziri Ancel Talvar niderlandlı həmkarı Kaysa Ollonqren ilə Borçe hərbi hava bazasında Avropa F-16 Təlim Mərkəzinin açılışından sonra deyib.
Məlumata görə, ABŞ və Danimarka artıq ukraynalı pilotlara F-16 təyyarələrində təlimlər keçməyə başlayıb.
ABŞ Hərbi Hava Qüvvələrinin oktyabrın 26-da bildirdiyinə görə, “az sayda” ukraynalı keçən ay Arizona ştatının Tuson şəhərində Morris Milli Qvardiya hərbi hava bazasında təlimlərə başlayıb.
Avqust ayında Danimarka doqquz ukraynalının Kopenhagendən təqribən 270 kilometr qərbdə yerləşən Skridstrup hərbi bazasında texniki xidmət personalı ilə birlikdə təlimlərə başladığını bildirib.
Niderland Rumıniya və digər NATO ölkələrindən olan pilotları hazırlayacaq proqram üçün 18-ə qədər döyüş təyyarəsi vəd edib. F-16-nı istehsal edən ABŞ şirkəti Lockheed Martin təlimatçılar və texniki işçilərini təmin edir.
Niderlandın ilk beş F-16 təyyarəsi Rumıniyaya bir həftə əvvəl gəlib. Danimarka və Norveç də Ukraynaya F-16-lar verəcəklərini öhdələrinə götürüb.
Forum