ABŞ prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatına üzv ölkələri Şimali Koreyaya nüvə silahlarını təslim etmək üçün təzyiq göstərməyə çağırıb. Amerika lideri özünün BMT-nin Baş Assambleyası qarşısında ilk çıxışında Şimali Koreya təhlükəsini başlıca qlobal risk adlandırıb.
Nyu Yorkda BMT-nin baş qərargahında çıxışında Tramp deyib ki, dünya “yaramaz” ölkələr və “terroçular və ekstremistlər” tərəfindən dağıdıcı təhlükələrə məruz qalır.
“Yaramaz ölkələr nəinki terroçulara dəstək verir, onlar həm də insanlığa məlum olan ən dağıdıcı silahlarla ölkələrə təhlükə yaradır”, Tramp nüvə silahlarını nəzərdə tuturaq bildirib.
ABŞ prezidenti BMT-nin Baş Assambleyasının sessiyasında ilk dəfədir iştirak edir. Tramp çıxışında Birləşmiş Ştatların hərbi qüvvələrinin tezliklə ən güclü səviyyəyə çatacağına söz verib.
İran və Venesuela
Tramp bildirib ki, İran liderləri “zəngin ölkəni hərbi macarəları ilə Yaxın Şərqdə sülhə maneə törədən, iqtisadi cəhətdən zəifləmiş yaramaz bir ölkəyə” çeviriblər. O, 2015-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama və dünyanın beş qüdrətli dövlətinin vasitəçiliyi ilə İranın nüvə proqramının qarşısını alınması məqsədilə imzalanan razlığı tənqid edərək, bunu “Birləşmiş Ştatlar üçün utancverici” adlandırıb.
Tramp BMT-nin Atom Enerjisi Agentliyinin sərt monitorinq aparmadığı təqdirdə Amerikanın İranla əldə edilən nüvə sazişindən çıxacağını deyib.
Yaramaz ölkələr nəinki terroçulara dəstək verir, onlar həm də insanlığa məlum olan ən dağıdıcı silahlarla ölkələrə təhlükə yaradır
Amerika lideri eyni zamanda, Venesuela lideri Nikola Maduro rejimini korrupsiyalaşmış adlandıraraq, onun Cənubi Amerikanın bu ölkəsini “tam uçuruma yuvarladığını” deyib. “İnsanlar aclıq çəkir və onların ölkəsi çökür”, Tramp bildirib.
ABŞ dövlət başçısı bildirib ki, prezident Nikolas Maduronun repressiyası altında yaşayan Venesuela xalqı diqqətsiz qala bilməz.
Hakimiyyətə “Amerika birincidir” şüarı ilə gələn Tramp dünya liderlərinə deyib ki, Birləşmiş Ştatlar öz iradəsini digər ölkələrə tətbiq etmək niyyətində deyil və başqa ölkələrin suverenliyinə hörmət edəcək.
“Mən Amerikanın maraqlarını hər şeydən üstün müdafiə edəcəm. Amma başqa ölkələr qarşısında öhdəliklərimizi yerinə yetirərək biz həm də başa düşürük ki, bütün ölkələrin suveren, çiçəklənən və təhlükəsiz gələcəyinin təmin edilməsi hamının marağındadır”, Tramp deyib.
Bundan öncə ABŞ prezidenti BMT-də “cəsarətli islahatlar”a çağıraraq, bunun təşkilatın sülh naminə daha effektiv qüvvəyə çevrilməsinə xidmət edəcəyini bildirib.
Başqa ölkələr qarşısında öhdəliklərimizi yerinə yetirərək biz həm də başa düşürük ki, bütün ölkələrin suveren, çiçəklənən və təhlükəsiz gələcəyinin təmin edilməsi hamının marağındadır
ABŞ lideri səkkiz ay bundan əvvəl hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq BMT-ni ziyarət edərək təşkilatda islahatların aparılmasına dair iclasda iştirak edib. O deyib ki, 193 üzvü olan BMT-də mövcud bürokratiya təşkilatın öz işini lazımi şəkildə aparmasına mane olur.
“Biz BMT-nin bütün dünyada insanların etibarını yenidən qazanmasını istəyirik. Buna nail olmaq üçün BMT idarəçiliyin bütün səviyyələrində hesabatlılığı dəstəkləməli, informatorları müdafiə etməli və əsas diqqəti prosesin özü deyil, nəticələrə yönəltməlidir”, Tramp bildirib.