ABŞ prezidenti Donald Tramp regionu və dünyanı Şimali Koreya rejimi tərəfindən gələn təhlükədən xilas etmək üçün administrasiyasının Çinlə əməkdaşlıq edəcəyini elan edib. Prezident Tramp Asiya səfəri çərçivəsində Pekində Çin lideri Şi Tsinpinlə görüşüb. Şimali Koreya Çin prezidenti ilə danışıqların əsas diqqət mərkəzində olub.
Çin prezidenti Şi Tsinpinlə yanaşı dayanan Tramp bildirib ki, Vaşinqton və Pekin üç il ərzində nüvə silahları və ballistik raket proqamlarını sürətlə inkişaf etdirən Pxenyan probleminin həllində “əvvəlki səhvlərə yol verilməyəcəyi” haqda razılıq əldə edib.
ABŞ prezidenti Donald Tramp: “Bütün sivil dünya Şimali Koreya təhlükəsinin qarşısını almaq üçün bir olmalıdır və bütün dünya indi bizə baxır.”
Çin prezidentinin çıxışının tonu daha sakit olub.
“Koreya yarımadasında nüvə məsələsinə gəldikdə, biz yarımadanın nüvə silahlarından təmizlənməsi və silahların yayılmamasına dair beynəlxalq rejimə əməl olunmasına dair öhdəliklərə sadiq qaldığımızı təkrar etmişik. Hər iki tərəf BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam və ciddi şəkildə əməl etməyə davam edəcək. Eyni zamanda, tərəflər dialoq və danışıqlar vasitəsilə həllin tapılması istiqamətində işi davam etdirmək əzmindədir.”
Tramp bundan əvvəl Şimali Koreya da daxil olmaqla, Çin lideri ilə danışıqlarda böyük irəliləyiş əldə edildiyini bildirib.
ABŞ prezidenti Donald Tramp: “Mən də sizin kimi belə bir həllin mövcud olduğuna inanıram.”
Trampın şərəfinə rəsmi qəbulda iki lider qırmızı xalının üzərində yanaşı addımlayıb.
Hərbi orkestr iki ölkənin milli himnini ifa edib. Tyananmın meydanından Amerika liderinin şərəfinə toplardan atış açılıb.
Rəngarəng geyimdə məktəblilər əllərində Amerika və Çin bayraqlarını dalğalandırıblar.
Çin və Birləşmiş Ştatlar iqtisadi cəhətdən inkişaf etmiş iki ən böyük ölkədir və qlobal iqtisadi inkişafa hərəkət verən qüvvələrdir.Şi Tsinpin
Tramp-Şi danışıqlarında ABŞ və Çin arasında ticarət defisiti də müzakirə edilib. Bu, ABŞ prezidentinin Çin və Birləşmiş Ştatlar arasında ticarət balansında qeyri-tarazlığın olmasından şikayət etməsinə görə həssas bir məsələdir.
Tramp bildirib ki, ABŞ və Çin arasında ticarət defisiti “yüz milyardarla dollar təşkil edir” və “əvvəlki administrasiyalar bunun bu səviyyəyə gəlib çatmasına imkan verib.”
ABŞ prezidenti Donald Tramp: “Mən Çini günahlandırmıram. Əvvəl-axır bir ölkəni öz vətəndaşlarının xeyri üçün başqa ölkədən istifadə etməkdə kim günahlandıra bilər?”
Çin prezidenti Şi Tsinpin: “Çin və Birləşmiş Ştatlar iqtisadi cəhətdən inkişaf etmiş iki ən böyük ölkədir və qlobal iqtisadi inkişafa hərəkət verən qüvvələrdir. Biz ticarəti və investisiya sahəsində əməkdaşlığı bundan sonra da inkişaf etdirməli, makro iqtisadi investisiya siyasətini gücləndirməli, sağlam, dinamik balansa və ticarət əlaqələrinə malik iqtisadiyyatı gücləndirməliyik.”
Hər iki lider prezident Trampın səfəri zamanı 250 milyard dollarlıq biznes razılışmalarını qeyd edib. Lakin bəzi qeyri-icbari memorandumlar heç vaxt icra olunmaya bilər.