Accessibility links

Tramp: Əfqanıstandan tələsik çıxışın yaradacağı boşluq tezliklə terroristlər tərəfindən doldurulacaq


ABŞ prezidenti Əfqanıstanla bağlı planlarının əsas məqamlarını qeyd etdi

“Mənim ilkin niyyətim qoşunları Əfqanıstandan çıxarmaq idi.” Bu sözləri bazar ertəsi axşam saatlarında ABŞ prezidenti Donald Tramp öz çıxışında deyib. “Uzun aylar ərzində keçirdiyimiz çox sayda görüşlərdən sonra biz, keçən cümə günü Kemp Deyviddə kabinet üzvlərim və generallarla strategiyamızı tamamlamaq üçün yekun görüşümüzü keçirdik.”

Donald Tramp ABŞ-ın Əfqanıstandakı maraqlarının üç mühüm məqamını qeyd etdi.

İlk növbədə, Tramp bildirib ki, “ABŞ bu günə qədər verdiyi qurbanlara layiq olacaq şərəfli və etibarlı bir nəticə əldə etməlidir.”

İkincisi, “Əfqanıstandan tez çıxmağın nəticələri proqnozlaşdırılan və yolverilməzdir. Tələsik çıxış nəticəsində regionda yaranacaq boşluq tezliklə İŞİD, Əl-Qaida və digər terrorist qruplar tərəfindən doldurulacaq. Necə ki, eyni şey 2001-ci ilin 11 sentyabrına qədər baş vermişdi.”

Üçüncüsü isə, prezidentin sözlərinə görə, o, “ABŞ-ın Əfqanıstanda və regionda qarşılaşdığı təhlükəsizliklə bağlı hədələrin nəhəng olduğu” qənaətinə gəlib.

Donald Tramp Pakistanı da tənqid edərək, ölkənin terrorist təşkilatlar üçün sığınacaq olduğunu bildirib. Prezident bildirib ki, “Pakistan Əfqanıstanda ABŞ-la əməkdaşlığından çox şey əldə edə bilər, amma terroristlərə sığınacaq təqdim etməyə davam etdiyi halda, çox şey itirə bilər.”

ABŞ prezidenti həm də bildirib ki, Birləşmiş Ştatlar bundan sonra hər hansı hərbi əməliyyatın başlama və ya bitmə tarixini elan etməyəcək. Donald Tramp əlavə edib ki, “biz qoşunların sayı və planlarımız haqqında da danışmayacayıq.”

Əlavə olaraq prezident operativ reaksiya verilməli olduğu yerlərdə komandirlərə böyük səlahiyyətlər verilməsinin tərəfdarı olduğunu qeyd edib. “Döyüşlərdə qələbə Vaşinqtondan gələn qərarlarla əldə edilmir. Qələbə, döyüş ərazisində və döyüş anında düşməni məğlub etmək vəzifəsinə sahib komandirlərin təcrübələrinə əsaslanan qərarların nəticəsində əldə edilir.”

Prezident onu da qeyd edib ki, ABŞ öz hərbi qüdrətinin Amerikadan kənarda, o cümlədən Əfqanıstanda, demokratiyanın qurulmasına sərf etməyəcək. Tramp, bunun əvəzində ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə ümumi maraqlarının müdafiəsi üzərində çalışacağını bildirib: “Biz digərlərindən yaşayış tərzlərinin dəyişilməsini istəmirik. Biz hər kəsin uşaqlarımızın yaxşı yaşamasını təmin edəcək ümumi məqsədlər üzərində çalışmasını istəyirik.”

Çıxışının sonunda Amerika xalqının real islahatlar və nəticələr görmək istədiyini bildirən Tramp əlavə edib ki, nə qədər ki, Vaşinqton Kabil tərəfindən istək və inkişaf görəcək, Əfqanıstan höküməti ilə əməkdaşlıq davam etdiriləcək.

XS
SM
MD
LG