ABŞ prezidenti Donald Tramp Twitter sosial şəbəkəsi vasitəsilə keçmiş federal prokuror Kristofer Reyi Federal Təhqiqatlar Bürosunun direktoru vəzifəsinə nominasiya edəcəyini bildirib.
“Mən müstəsna xidmətləri olan Kristofer Reyi FBI-ın yeni direktoru vəzifəsinə nominasiya edirəm. Detallar barədə sonra məlumat veriləcək”, Tramp mesajında yazıb.
Prezident nominasiya ilə bağlı bu açıqlamanı keçən ay vəzifədən kənarlaşdığı FBI direktoru Ceyms Kominin Senatın Kəşfiyyat komitəsi qarşısında ifadə verməsindən bir gün əvvəl verib. Senat dinləmələri zamanı Komiyə Trampın ona seçki kampaniyası və Rusiya arasında mümkün əlaqələrlə bağlı təhqiqatı dayandırmaq üçün təzyiq göstərib-göstərməməsi kimi sualların veriləcəyi gözlənilir.
Kristofer Rey 2003-2005-ci illərdə Corc W Buşun hakimiyyəti zamanı Ədliyyə Departamentində Cinayətkarlığa qarşı mübarizə şöbəsinə rəhbərlik edib.
Rey həmçinin prezident Trampın müttəfiqi olan Nyu Cersi qubernatoru Kris Kristinin vəkili olub.