Futbolçuların etirazı bazar günü Baltimore Ravens və Jacksonville Jaguars arasında keçirilən oyun zamanı başladı. Londonun Uembli stadionunda oyundan öncə ABŞ himni səslənən zaman bəzi futbolçular bir dizi üstündə oturdu, digərləri isə bir-birinin qoluna girərək dayandılar. Eyni səhnəni ABŞ-ın müxtəlif yerlərində keçirilən oyunlar zamanı müşahidə etmək olardı. Oyunçular, məşqçilər və hətta bəzi komandaların sahibləri prezident Donald Trampın tənqidinə qarşı həmrəylik göstərərək bir araya gəldilər.
Prezident cümə günü Alabamada nitq söyləyən zaman bəzi oyunçuları sərt tənqid etdi.
“Hər hansı oyunçunun bizim bayrağa qarşı hörmətsizlik etdiyi halda komanda sahiblərinindən birinin “həmin köpək balasını meydançadan çıxarın, o komandadan qovuldu” deməsini görmək yaxşı olmazdımı?”
Trampın “bayrağa qarşı hörmətsizlik” adlandırdığı reaksiyası bəzi futbolçuların himn səslənən zaman ayaq üstə dayanmaqdan imtina etmələri ilə bağlı idi.
Şənbə günü prezident NBA çempionu Golden State Warriors komandasına daha öncə göndərilən dəvəti ləğv etdi. Səbəb olaraq o, komandanın oyunçusu Stefen Karrinin dəvəti qəbul etməməsini göstərdi. Ulduz oyunçu dəfələrlə prezident haqqında tənqidi fikirlər səsləndirib.
“Mənim bu mövzuda mövqeyim dünənkindən fərqlənmir. Mən ölkədə baş verən hadisələrin bizi hara apardığından və xüsusilə də onun zərər vuraraq bizi təmsil etməsindən narazıyam.”
Komandanın məşqçisi Stiv Ker deyib ki, siyasi rəsmilər və oyunçular arasında ayrıseçkiliklər daha öncələr də olsa da, bu səviyyəyə heç zaman çatmamışdı.
“Mən dünən düşündüm ki, onun fubtolçular haqqında şərhləri onun bu ana qədər dediyi hər şey qədər pis idi. Sadəcə dəhşət. Sən polis zorakılığına və irqi qeyri-bərabərliyə qarşı sülh yolu etiraz edən cavanlar haqqında danışırsan.”
Paytaxt Vaşinqtonun meri Müriel Bauzer San Fransiskonu təmsil edən basketbol komandasını şəhərə dəvət edərək bərabərliyi, müxtəlifliyi və inklüzivliyi qeyd etməyə çağırıb.
Lakin, amerikalılar öz reaksiyalarında iki yerə ayrılıblar.
“Mən prezidentlə razıyam. Ola bilər bunu başqa yolla ifadə etmək olardı, amma, bayrağa hörmət göstərmək vacibdir.”
“Bizim konstitusiyada ifadə azadlığını təmin edən birinci düzəliş var. Düşünürəm ki, insanlar hisslərini əhəmiyyətli hesab etdikləri yolla ifadə edə bilməlidirlər.”
Bu trendi keçən mövsüm futbolçu Kolin Kapernik başlatdı. Tanınmış oyunçu mövsümün sonu azad agent olduqdan sonra heç bir komandadan təklif almayıb və hal-hazırda meydançalardan kənardadır.