Accessibility links

İndianada qələbə Trampın namizədliyə yolunu təmizləyir


İndiana praymerilərində inamlı qələbə və əsas rəqibi Texas Senatoru Ted Kruzun yarışı tərk etməsi ilə Donald Tramp Respublikaçılar Partiyasının prezidentliyə ehtimal edilən namizədi sayıla bilər. Bu barədə Respublikaçlıar Milli Komitəsinin sədri Reins Pribus Twitter-də bəyanat yayıb.

Biz noyabrda udacağıq!
Donald Tramp

Hərçənd ki, Tramp formal olaraq nominasiya üçün tələb olunan 1,237 qurultay üzvü yığmayıb, onun namizədliyə gedən yolunu kəsəcək ciddi baryer artıq yoxdur.

“Bu mənzərəni seyr etmək gözəldir,” Tramp qələbə çıxışında bildirib. “Biz Amerikanı yenidən möhtəşəm edəcəyik.”

Ted Kruz bütün səylərini İndianada qələbə çalmağa yönəltmişdi. Hətta namizəd olmamış iddialı üçün qeyri-adi bir jestlə o, vitse-prezidentliyə tərəfdaş olaraq Karli Fiorinanı seçdi. Habelə senator Ohayo qubernatoru Con Keysiçlə pakt bağlayaraq ştatlardakı kampaniyaları onunla koordinasiya etməyə başladı.

Ted Kruz, Texas Senatoru
Ted Kruz, Texas Senatoru

Lakin görülən tədbirlər Ted Kruzu məğlubiyyətdən qoruya bilmədi. 50 faiz civarında səs toplayan Tramp yedə qalan iki rəqibinə böyük səs fərqi ilə qalib gəldi.

Təslim nitqində seçicilərin fərqli yol seçdiyini deyən Kruz tərəfdarlarına təşəkkür edərək onları “vətənpərvər” adlandırdı.

Con Keysiçin sözçüsü təmsil etdiyi namizədin iyulda keçiriləcək partiya qurultayında Trampa qarşı müabrizə aparmaq əzmində olduğunu bildirdi.

İndiyədək heç bir siyasi vəzifə tutmamış milyarder biznesmen olan Tramp seçkilərə outsayder olaraq çox sayda yeni adam cəlb etdiyini deyir.

Demokrat Partiyasında isə sabiq Dövlət Katibi Hillari Klinton və Vermont Senatoru Berni Sanders arasında yarış davam edir. Son məlumatlara əsasən, İndiana praymerizindən Sanders 39, Klinton isə 29 nümayəndə toplamağa müyəssər olublar. Qurultaya gedəcək nümayəndələrin sayı baxımdan Klinton Sandersdən xeyli irəlidə gedir.

XS
SM
MD
LG